Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Quşçuların Avroasiya Assosiasiyasının birgə təşkilatçılığı ilə "Quşçuların Beynəlxalq Forumu" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə hökumət nümayəndələri, avadanlıq, yem əlavələri, baytarlıq pereparatları təchizatçısı olan MDB və xarici dövlətlərin, habelə digər maraqlı şirkətlərin, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak ediblər.Forumda quşçuluqda yemlənmə, baytarlıq, zootexnika və müasir avadanlıqlarla təchizat məsələləri müzakirə olunub, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Beynəlxalq Quşçuluq Forumu (BQF) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK prezidenti Məmməd Musayev və BQF-nin sədri Sergey Şabayev imzalayıblar. Sənəddə gələcəkdə iki təşkilat arasında təcrübə mübadiləsi aparmaq və bu sahədə analitik məlumatlar hazırlamaq, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlığın həyata keçirilməsi öz əksini tapıb.Forumda çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda quşçuluq sahəsi son 15 ildə sürətlə inkişaf edib: "Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac potensialı yaradıb. Ölkəmiz 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir. Sənaye quşçuluğunda illik istehsal 100 min ton təşkil edib. Quş əti istehsalı 2010-cu illə müqayisədə 1,5 dəfə artıb və 2014-cü ildə 99,4 min ton, sənaye üsulu ilə 64,1 min ton, yumurta istehsalı isə qeyd edilən dövrdə 1,3 dəfə artaraq 1,6 mlrd. ədəd təşkil edib. Hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır, ilkin olaraq əsasən MDB ölkələrinə tədarükün həyata keçirilməsi nəzərdə tutulub". Forum müxtəlif suallar ətrafında müzakirələrlə öz işini davam etdirib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...