PDF Oxu

İqtisadiyyat

  • 18

Aqrar sahədə inkişaf perespektivləri artır

Aqrar sahədə inkişaf perespektivləri artır

İlham Əliyev: "Kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir"

Güclü sənaye potensialı olan Azərbaycan, eyni zamanda, kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Bütün bu və digər amillər, həmçinin, qlobal miqyasda yaranan yeni çağırışlar ölkəmizdə kənd təsərrüfatının intensiv metodlarla inkişafını mümkün və zəruri edir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinə və bu sahədə yüksək nəticələrə nail olunmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.

Heyvandarlığın inkişafı üçün "Aqrolizinq"ə 15 milyon manat ayrıldı

Ölkə iqtisadiyyatının aparıcı qolu sayılan kənd təsərrüfatı son dövrlər inkişaf mərhələsini yaşayır. Ölkədə heyvandarlıq sahəsində əldə olunan nailiyyətlər ölkə əhalisinin ət və ət məhsulları, süd və süd məhsullarına olan tələbatının ödənməsində mühüm rol oynayır. Dövlət bu sahənin dirçəlməsi üçün mühüm addımlar atır. Bu günlərdə Prezident İlham Əliyevin heyvandarlığın inkişafına 15 milyon manat ayrılması ilə bağlı Sərəncamı da əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına yönəlib. Məqsəd ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, damazlıq heyvandarlığı inkişaf etdirməkdir.

Prezident İlham Əliyev bu günlərdə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinin prioritet olduğunu bir daha nəzərə çatdırıb. Cari ilin birinci yarısında kənd təsərrüfatında əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edən dövlət başçısı bildirib ki, bu sahədəki yüksək temp bundan sonra da saxlanılmalıdır: "...Kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq".

Kənd təsərrüfatının sürətli inkişafı güclü iqtisadi potensiala əsaslanır

Ölkəmizdə mövcud reallıqlar nəzərə alınmaqla kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət qayğısının bir sıra istiqamətləri formalaşdırılıb. Bunlar, ilk növbədə, aqrar sahədə yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili kimi vacib məsələləri əhatə edir. Dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Bu məqamda onu vurğulamaq lazımdır ki, son illərdə respublikamızda kənd təsərrüfatının sürətli inkişaf yoluna çıxması bütövlükdə ölkənin güclü iqtisadi potensialına və geniş maliyyə imkanlarına əsaslanır. Məlumdur ki, "Əsrin müqaviləsi" və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə iqtisadiyyatın diversifikasiya edilməsinə, qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına yönəldilir. Məqsədyönlü siyasət sayəsində artıq respublikamızda iqtisadiyyatın ağırlıq mərkəzi qeyri-neft sektoruna keçib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, cari ilin əvvəlindən bəri ölkə iqtisadiyyatında artım 5,7 faiz səviyyəsində olub. Bu, özlüyündə kifayət qədər yaxşı göstəricidir. Ancaq bundan daha yaxşı göstərici 9,2 faiz olmaqla məhz qeyri-neft sektorunda qeydə alınıb. Bu baxımdan son illərdə respublikamızda kənd təsərrüfatının maliyyə təminatının gücləndirilməsi aqrar sektorda da əsaslı dönüşə səbəb olub.

Ölkədə kənd təsərrüfatının inkişafına çoxşaxəli dövlət qayğısı göstərilir. Respublikamızda "Aqrolizinq" ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.

Ərzaq məhsullarına tələbat 100 faiz daxili istehsal hesabına təmin olunmalıdır

Müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Sözügedən müşavirədə dövlət başçısı ərzaq məhsullarına olan tələbatın 100 faiz daxili istehsal hesabına təmin olunmasını bildirib: "Bütün lazımi tədbirlər görülüb - struktur islahatları aparılıb, müvafiq sərəncamlar imzalanıb. Biz öz potensialımızdan maksimum dərəcədə istifadə etməliyik və əhalimizi 100 faiz səviyyəsində ərzaq məhsulları ilə özümüz təmin etməliyik. Biz buna yaxınlaşırıq".

Xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyev ölkənin ixrac imkanlarının genişləndirilməsinin əhəmiyyətindən bəhs edərək deyib: "Bununla bərabər, biz ixrac bazarlarına çıxışı da əldə edirik... Əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq, artıq məhsul istehsal edə bilməyəcəyik".

Göründüyü kimi, bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırmaqla yanaşı, Azərbaycanın həm də belə məhsulların əsas ixracatçılarından birinə çevrilməsinə şərait yaradır. Həmçinin aqrar sektora ayrılan diqqət onun ölkə iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olur.

RƏFİQƏ KAMALQIZI