Avqustun 26-da Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşəbbüsü, İqtisadiyyat və Sənaye Nazirliyinin iştirakı ilə respublikanın qabaqcıl arıçıları ilə görüş keçirilib. KTN-dən bildiriblər ki, görüşün əsas məqsədi ölkədə arıçılığın inkişafı, marketinq və damazlıq işinin təşkilinin müzakirəsi olub.
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək arıçılığın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahədə yüksək məhsul əldə etmək üçün damazlıq işinin təşkilinin, həmçinin məhsulun qablaşdırılmasının müasir tələblərə cavab verməsinin vacibliyini bildirib.
Çıxış edənlər bu sahəyə uzunmüddətli kreditlərin verilməsinə ehtiyac yarandığını qeyd ediblər. Bildirilib ki, son illərdə arıçılığın daha da inkişaf etdirilməsi ilə əlaqədar istehsal olunan məhsulun tədarükü, qablaşdırılması və marketinqinə tələbat artıb.
Görüşdə arıçılıqda mövcud problemlər və onların həlli yolları müzakirə edilib, dövlət tərəfindən müvafiq dəstəyin göstərilməsi üçün arıçılara biznes plan layihələrinin hazırlanması və bu sənədlərin Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye nazirliklərinə təqdim etmələri tövsiyə olunub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...