İlham Əliyev: "Bakı mənim üçün ən gözəl şəhərdir"
Azərbaycan dövləti regionlarla yanaşı, ölkənin paytaxtının və ətraf qəsəbələrin problemlərini də xüsusi diqqət mərkəzində saxlayır. Dövlət başçısının Sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən xüsusi müşavirələrin keçirilməsi buna misal ola bilər. Xatırladaq ki, hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində xüsusi toplantı keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi Dövlət Proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdü. Bu nəcib təşəbbüs əsasında hazırlanaraq, 27 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" kompleks sənəd olmaqla, regionların inkişafı naminə həyata keçirilən kompleks tədbirlərin paytaxt və ətraf qəsəbələrə də sirayət etməsinə səbəb olub. Proqram çərçivəsində həyata keçirilən tədbirlər sayəsində Bakı və şəhərətrafı qəsəbələrdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanıb, əhalinin kommunal problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, su, işıq, qaz təminatı yaxşılaşdırılıb, yeni sosial-mədəni obyektlərin tikintisi, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib işlər görülüb. Bununla belə, Bakı şəhərində və ətraf qəsəbələrdə həllini gözləyən xeyli problemlər qalır və dövlət başçısı İlham Əliyev də keçirilən müşavirələrdə də bunu açıq bəyan edib. Artıq Prezidentin tapşırıqlarına əsasən, Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılıb. Bu baxımdan, ən diqqətçəkən məqam son günlər Prezidentin bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Bakıətrafı qəsəbələrdə olmasıdır. Prezident tərəfindən atılan bu addımlar və onun qəsəbə sakinləri ilə görüşü bir daha göstərir ki, hər bir vətəndaşın sosial vəziyyəti dövlət rəhbərliyinin diqqətindədir. Prezident verilən tapşırıqların icrası ilə yerindəcə tanış olur, görüşlər zamanı bu işlərin daha sürətlə və daha keyfiyyətlə görülməsini istədiyini vurğulayıb: "Qaz, işıq, su problemləri həll olunub. Bu da böyük bir nailiyyətdir. Kanalizasiya problemləri var, o da həll olunacaqdır. Çünki bilirsiniz, ölkəmizdə gedən quruculuq-abadlıq işləri hər bir bölgədə öz müsbət təsirini göstərmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır. Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə, ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaq".
Otel kompleksləri ən müasir standartlara cavab verir
Bütün sahələrdə olduğu kimi, turizm, o cümlədən bu sektorun əsas xidmət sahələrindən olan müasir otel sisteminin yaradılması istiqamətində son illər mühüm nailiyyətlər əldə edilib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində mümkün olub. Son illərdə ölkəmizdə bir çox məşhur otel brendləri istifadəyə verilib. Bu da təsadüfi deyil. Azərbaycanda yaradılan müasir otel idarəçiliyi və bu sahənin inkişafı həmin məsələdə mühüm əhəmiyyət kəsb edir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafı sayəsində yaradılan müasir turizm infrastrukturunda bu otelin də xüsusi rolu olacaq. Azərbaycanda ictimai-siyasi və iqtisadi sahələrdə sabitlik, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, mətbəxi və ən əsası qonaqpərvərliyimiz dünyada böyük maraqla qarşılanır. Bu fakt son illərdə Azərbaycana gələn turistlərin sayındakı artımda da özünü aydın göstərir. Ölkəyə turistlərin cəlb olunmasında bu cür müasir otellərin yaradılmasının rolu danılmazdır. Belə müasir turizm obyektinin bütün dünyanın diqqət mərkəzində olan "Bakı-2015" ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu cür layihələr ilk Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərin rahatlığını təmin etməyə və paytaxt Bakının turizm potensialını nümayiş etdirməyə də imkan yaradır.
Prezident İlham Əliyev "Bulvar Hotel"in açılışı zamanı bildirib ki, son iki-üç il ərzində Bakıda 10-a yaxın müasir otel istifadəyə verilib, ən böyük otelin tikintisinə də ehtiyac var idi: "Bu gün Ağ Şəhər bulvarı, köhnə bulvar, yeni bulvar, Bayraq Meydanı bulvarı və Bayıl bulvarı vahid bir kompleks təşkil edir. Uzunluğu isə 16 kilometrə bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, 100 il bundan əvvəl salınmış Bakı bulvarının uzunluğu cəmi 3,5 kilometr olub. Yəni bütün bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zavodlar, hərbi təyinatlı müəssisələr var idi ki, onlar köçürüldü və bu gün dünya miqyasında Bakı bulvarı kimi ikinci gözəl yer, ikinci gözəl bulvar yoxdur. Çox şadam ki, yeni yaranan Ağ Şəhər bulvarında "Bulvar Hotel" tikilib və istifadəyə verilir. Bu, bir daha onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir. Ölkəmiz öz qapılarını bütün qonaqlarının üzünə açmışdır. Bakıya gələn turistlərin sayı artıq milyonlarla ölçülür. Əminəm ki, Avropa Oyunlarından sonra gələn qonaqların sayı daha da artacaq. Çünki Bakı gözəl şəhərdir. Mənim fikrimcə, dünyanın ən gözəl şəhəridir, bunu indi demək olar. Şəhərimizə gələn hər bir qonaq qeyd edir ki, Bakıdan getmək istəmir, yaxud da çalışır ki, sonra Bakıya qayıtsın. Çünki şəhərimizin tarixi memarlığı, ab-hava, təhlükəsizlik, yüksək xidmət sahələri, müasir otellər, istirahət zonaları, əlbəttə ki, qonaqları cəlb edir. Ancaq biz Bakıda görülən işləri, ilk növbədə, Azərbaycan vətəndaşları, onların rahatlığı, istirahəti üçün edirik. Bu gün Bakı sakinləri bütün bu gözəl imkanlardan istifadə edirlər".
Son 2-3 il ərzində nə qədər gözəl otellərin tikildiyini deyən prezident bildirib ki, "Four Seasons", "Fairmont", "Mariott", "Kempinski", "Jumeirah", "Hilton", "Sheraton", - bunlardan əvvəl "Hyatt" var idi, - indi də "İnturist" oteli: ""İnturist" mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni "Ağ şəhər" bulvarında "Bulvar" oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. "Ağ şəhər" bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir".
Bakının və qəsəbələrin inkişafında Heydər Əliyev Fondu geniş fəaliyyət göstərir
Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafında, həmçinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində Heydər Əliyev Fondunun mühüm fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Belə ki, ölkəmizdə təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə bu Dövlət Proqramı çərçivəsində 174 məktəb və 121 uşaq bağçası tikilmiş və ya əsaslı təmir olunmuşdur. 45 təhsil obyekti üzrə işlər hazırda davam etdirilir. Proqram çərçivəsində paytaxtda və ətraf qəsəbələrdə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni, müasir tibb müəssisələri istifadəyə verilmiş, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilmişdir. Qeyd edək ki, proqram çərçivəsində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur. Dövlət Proqramının icrası əhalinin sosial müdafiəsi sahəsində mühüm işlərin görülməsini təmin etmişdir. Belə ki, ixtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evi əsaslı təmir olunmuş, Bilgəh qəsəbəsində əlillər üçün pansionatın yeni korpusu tikilmiş, 13 səhiyyə obyektində, əlil və yetkinlik yaşına çatmayanlar üçün 4 bərpa mərkəzində isə işlər davam etdirilir.
Fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın qayğısı nəticəsində, respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı önəmli işlər görülmüş və hazırda da davam etdirilməkdədir.
Beləliklə, ardıcıl və sistemli sosial-iqtisadi islahatların uğurlu nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın paytaxtı Bakı şəhəri gündən-günə daha da gözəlləşir, bu isə paytaxtda yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, təbii ki, öz müsbət təsirini göstərir.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...