Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 21-ci Sessiyası keçiriləcək. Cari ilin 12-17 sentyabr tarixində Kolumbiya Respublikasının turizm mərkəzlərindən biri olan Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci Sessiyası, Avropa Komissiyasının 59-cu iclası, İcraiyyə Şurasının 101-ci və 102-ci sessiyaları, eləcə də BMÜTT-İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə konfransı baş tutacaq.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Həmçinin, Azərbaycanın Kolumbiyada akkreditasiya olunmuş səfiri İlqar Muxtarov və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin rəhbəri Nahid Bağırov iştirak edəcək.
Məlumat üçün bildirək ki, 2013-cü ildə BMÜTT Baş Assambleyasının 20-ci Sessiyası zamanı Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub. Bunun nəticəsi olaraq, şuranın iclaslarında və məsələlərin müzakirəsində ölkəmiz səsvermə hüququ ilə iştirak etməyə başlamışdır.
İcraiyyə Şurasının bundan öncəki, 2015-ci ilin 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycan böyük uğura imza atmışdır. Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak etdiyi sessiyada Azərbaycan Respublikasının təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı geniş müzakirələr aparılmış və nəticədə şura üzvlərinin dəstəyi ilə qərar mətni qəbul edilmişdir. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.
Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin qarşısının alınması üçün beynəlxalq sənədin qəbul edilməsi ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm beynəlxalq alət əldə olunmuşdur.
Digər bir mühüm məsələ də odur ki, Azərbaycanın İcraiyyə Şurasına rəhbərlik etmək üçün namizədliyi irəli sürülmüşdür. Bununla bağlı səsvermə şuranın Kolumbiyada keçiriləcək sessiyasında baş tutacaq.
Medellin şəhərində, həmçinin Proqram və Büdcə Komitəsinə, Turizm və Davamlılıq Komitəsinə, Turizm və Rəqabət Komitəsinə və digər komitələrə üzv ölkələr seçiləcək, eləcə də müxtəlif sənədlərin müzakirələri, turizm mövzusunda debatlar, fikir mübadiləsi aparılacaq.
Qeyd etmək lazımdır ki, BMÜTT ilə əməkdaşlıq ölkəmizdə turizm idarəetmə mexanizmlərinin möhkəmləndirilməsinə, turizmin davamlı inkişafının təmin edilməsinə, turizm sənayesinin iqtisadiyyatımızın ən gəlirli sahələrindən birinə çevrilməsinə və Azərbaycanın turizm sahəsində beynəlxalq səviyyədə güclü yer tutmasına xidmət edir.
ZÜMRÜD
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...