Sentyabrın 10-da İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə arıçılıq üzrə müəssisə və təsərrüfatların məhsullarının təqdimatı keçirildi.AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə sözügedən müəssisələrin çeşidli məhsullarından ibarət sərgi ilə tanış oldular.İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirdi ki, tədbirin təşkilində əsas məqsəd ölkəmizdə istehsal olunan yerli arıçılıq məhsullarının təbliğat və təşviqat yolu ilə tanıdılması, onların keyfiyyətinin daha da yaxşılaşdırılması, müasir standartlara uyğun qablaşdırılmasının təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması, nəticə etibarilə ixracının təmin edilməsidir.S.Məmmədov vurğuladı ki, ölkəmizdə aqrar sənayenin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin tərkib hissəsidir. Kənd təsərrüfatı məhsulu istehsalçılarının torpaq vergisi istisna olunmaqla, 2019-cu ilədək bütün vergilərdən azad edilməsi bu sahəyə daim dövlət qayğısının göstərildiyinin bariz nümunəsidir.Qeyd olundu ki, aqrar sahə ilə məşğul olan insanlara güzəştli kreditlərin, subsidiyaların verilməsi, həmçinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bundan əlavə qanunvericilik də təkmilləşdirilir, nəticədə respublikada aqrar sektor davamlı şəkildə inkişaf edir.Ölkədə həmçinin aqrar sahənin çox əhəmiyyətli sektorundan biri olan arıçılıq üçün də əlverişli şərait yaradılıb. Arıçılıq iqtisadi cəhətdən də çox əlverişli olmaqla, yaxşı qida və müalicəvi xüsusiyyətə malik, ekoloji mühitə müsbət təsir edən bir təsərrüfat sahəsidir.Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Abdullayev arıçılığın spesifik sahə olduğunu, onun inkişafı ilə bağlı dövlət səviyyəsində münbit şərait yaradıldığını diqqətə çatdırdı.Bildirdi ki, ölkəmizin əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genofondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Son onilliklərdə arıçılıqda müasir texnologiyaların tətbiqi ilə arıçılığın əsas istiqamətləri - arı ailələrinin sayının artırılması, arıçılıqda maddi-texniki bazanın təkmilləşdirilməsi, damazlıq və ana arı yetişdirilməsinin təşkili, köçəri arıçılığın inkişafı, xəstəliklərlə mübarizə, arıçılıq məhsullarının istehsalı, tədarükü, emalı, qablaşdırılması, marketinqi və bitkilərin tozlanması üzrə ciddi uğurlar əldə edilib. Ümumilikdə isə arıçılıq kənd təsərrüfatının gəlirli və daha perspektivli sahəsinə çevrilib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...