PDF Oxu

İqtisadiyyat

  • 17

İKT-nin inkişafı uğurlu gələcəyimizin təminatıdır

İKT-nin inkişafı uğurlu gələcəyimizin təminatıdır

İlham Əliyev: "İndi Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya miqyasında tanınır"

Son illərdə böyük inkişaf yolu keçən respublikamız bir çox sahələrdə mühüm uğurlara imza atıb. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyilə ölkəmiz dinamik inkişaf edir, beynəlxalq mövqeləri möhkəmlənir. Təbii ki, hər bir ölkəni çağdaş dövrümüzdə beynəlxalq aləm üçün əhəmiyyətli edən meyarlardan biri məhz onun dünyada qazandığı imicidir. İndiyədək Azərbaycanda çoxlu sayda beynəlxalq siyasi-iqtisadi və elmi-mədəni tədbirlərin keçirilməsi ölkəmizə olan müsbət münasibətin təzahürüdür.

Bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Sözsüz ki, bu, Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətdir. Eyni zamanda, siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.

ÖLKƏMİZİN ELMİ-TEXNİKİ VƏ İQTİSADİ QÜDRƏTİNİN TƏNTƏNƏSİ

Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adilə ərsəyə gələn, Azərbaycan bayrağının təsvirilə kosmosa göndərilən "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsilə yanaşı, kommersiya xarakterli gəlirli bir layihədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu peykin fəaliyyətinin iqtisadi cəhətdən də səmərəli olacağını vurğulamışdır: "Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı və məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin".

AZƏRBAYCAN ARTIQ KOSMİK SƏNAYEYƏ MALİK OLAN ÖLKƏDİR

Artıq uğur əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan və ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb.

Hazırda "Azərspace -1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb.

Hazırda "Azerspace-1" peykinin resurslarının 66 faizi kommersiya yönümlü istifadədədir. Peyk xidmətləri bazarında hər bir peykin resurslarının satışının illər ərzində tədricən artdığını nəzərə alaraq, 2,5 illik bir dövrdə kommersiya fəaliyyəti göstərən "Azerspace-1" peyki üçün resursların 66 faizinin satılması dünya təcrübəsinə əsasən, uğurlu bir göstərici hesab edilir. Peyk tutumlarının satış həcminin tədricən, ildən-ilə artırılması nəzərdə tutulur.

Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident Cənab İlham Əliyev yeni texnologiyaların tətbiqinin vacibliyini önə çəkərək, bu gün Azərbaycanın artıq kosmik sənayeyə malik olan ölkə olduğunu vurğulayıb.

Ölkəmizi daha böyük uğurlar gözləyir. Yeni peyklərin orbitə çıxarılması istiqamətində işlər aparılır. Yaxın zamanda isə əlavə iki peykin də orbitə buraxılacağı nəzərdə tutulub.

Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 2017-ci ildə ikinci telekommunikasiya (sayca üçüncü) və 2018-ci ildə çox yüksək ayırdetməyə malik olan ikinci müşahidə peykinin (sayca 4-cü) orbitə çıxarılması planlaşdırılır. Ümumilikdə, qarşıdakı illərdə Azərbaycan dörd peykə sahib olacaq. Ekspertlərin qənaətinə görə, 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər