PDF Oxu

İqtisadiyyat

  • 35

BVF Azərbaycanın iqtisadi artım proqnozunu yüksəltdi

BVF Azərbaycanın iqtisadi artım proqnozunu yüksəltdi

Ölkəmizin inkişafı artan xətlə davam edir

Söz yox ki, Azərbaycan müasir və demokratik dövlət kimi sürətlə və yüksək templə inkişaf edir. Mütərəqqi sosial-iqtisadi islahatlar davamlı sürətdə həyata keçirilir və bunun nəticəsində yaradılan istehsal, emal və xidmət sahələrinin müasir və rəqabətqabiliyyətli olması üçün ölkə rəhbərliyi tərəfindən əhəmiyyətli layihələr reallaşdırılır, beynəlxalq əhəmiyyətli addımlar atılır. Məhz bu səbəbdəndir ki, nüfuzlu beynəlxalq qurumlar tərəfindən Azərbaycan ən islahatçı ölkə kimi qeyd olunmaqla yanaşı, ölkəmizin iqtisadi artım tempi, bu istiqamətdə göstərilən statistik rəqəmlər də artmaqda davam edir.

Prezident İlham Əliyev: "Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, biz dünya iqtisadiyyatına çoxdan intqrasiya etmişik və bazar iqtisadiyyatı prinsiplərinə sadiqik"

Digər tərəfdən, dünyada gedən siyasi-iqtisadi və sosial prosesləri vaxtında, düzgün qiymətləndirən, nəticə çıxaran, milli mənafeləri nəzərə alaraq operativ, səmərəli təşəbbüslərlə fəaliyyət göstərən Azərbaycan rəhbərliyinin siyasi iradəsi bu uğurların zəminidir. Bu baxımdan, xüsusilə vurğulamaq yerinə düşərdi ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində davamlı inkişaf vardır. Prezident İlham Əliyev ölkəmizin dünya bazarına uğurla inteqrasiya etdiyi barədə vurğulayıb: "Əlbəttə, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, biz dünya iqtisadiyyatına çoxdan intqrasiya etmişik və bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Biz bütün ölkələrlə səmərəli, işgüzar münasibətlərə malikik."

Bu arada, Beynəlxalq Valyuta Fondu (BVF, İMF) Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişib və təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb. Belə ki, BVF "Dünya İqtisadi Proqnozları" adlı hesabatının oktyabr sayını dərc edib.

BVF gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5% artacağını proqnozlaşdırıb

Sözügedən hesabatda qeyd olunur ki, BVF Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4% artacağını gözləyir. Halbuki bu ilin aprel ayında yayımlanmış hesabatda BVF-nin bu proqnozu 0,6% -i göstərirdi.

BVF gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5% artacağını da həmin hesabatda bildirib. Ümumiyyətlə, yeni proqnozlarla əvvəlki proqnozlar arasındakı fərqlər də sübut edir ki, ölkə iqtisadiyyatı artan templə inkişaf edir. Məsələn, əvvəlki proqnozda bu rəqəm 2,5% idi.

O cümlədən, BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5%, 2016-cı ildə isə 4,2% təşkil edəcəyini gözləyir. Apreldə isə proqnozlar müvafiq olaraq 7,9% və 6,2% idi.

Beləliklə, BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyə balansı profisitli olacaqdır. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 3 milyard dollar (apreldə proqnoz 5,3 milyard dollar idi), 2016-cı ildə 2,7 milyard dollar təşkil edəcək (apreldə proqnoz 8,2 milyard dollar idi). Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6%-də qalacağını proqnozlaşdırır.

Qlobal iqtisadiyat isə azalacaq

BVF beynəlxalq iqtisadi duruma da aydınlıq gətirən rəqəmlərlə çıxış edib. Belə ki, qurum qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1%-ə və 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd salaraq faiz 3,6%-ə endirib. BVF, Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6,8%-də və 6,3%-də saxlayıb.

BVF, Avrozna üçün 2015-ci ildə artım gözləntisini dəyişdirməyərək 1,5%-də saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini 0,1 bənd salaraq 1,6%-ə endirib. Hesabatda, dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyi qeyd edilib. Qlobal iqtisadi arım proqnozları 2015-ci il üçün 3,3%-dən 3,1%-ə və 2016-cı il üçün 3,8%-də faiz 3.6%-ə endirilib.

Azərbaycan bundan sonra da öz iqtisadi qüdrətilə beynəlxalq aləmdə üstün mövqeyilə seçiləcək

Beləliklə, BVF-in son proqnozları həm də onu göstərir ki, Azərbaycan bundan sonra da öz iqtisadi qüdrətilə beynəlxalq aləmdə üstün mövqeyi ilə seçiləcək. Qlobal iqtisadiyyatın azalan rəqəmləri qarşısında Azərbaycanın artan xəttlə inkişaf etməsi də məhz bu amili kifayət qədər təsdiq edir.

Qeyd etmək yerinə düşərdi ki, Beynəlxalq Valyuta Fondu dünyada ən iri maliyyə institutlarından biridir. Əsası 1944-cü ildə qoyulmuş bu qurumun əsas məramı valyuta-maliyyə sahəsində beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, onların iqtisadiyyatilə bağlı təhlillər aparmaqdır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər