Ötən il 2 min 676 ton pambıq istehsal edən Sabirabad pambıqçıları bu mövsümdə 3 min ton ağ qızıl istehsal etməyi qarşılarına məqsəd qoyublar.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda, ümumilikdə 1643 hektar sahədə pambıq əkilib. "Krogen", "Marış" kimi yüksək reproduksiyalı toxuma üstünlük verilməsi əkin sahələrini genişləndirmədən istehsalın artmasına səbəb olub. Hazırda təsərrüfatlarda pambıq yığımı sürətlə davam edir. Yığım kampaniyasına kifayət qədər işçi qüvvəsi, müxtəlif təyinatlı maşın və mexanizm cəlb edilib. "Conder" və "Newholland" tipli müasir texnikalardan istifadə olunması məhsulun vaxtında və itkisiz yığılmasına imkan yaradıb.İndiyədək pambıq sahələrindən 711 tondan çox məhsul toplanıb. Yığılmış hər hektar sahənin məhsuldarlığı orta hesabla 20 sentnerə çatıb ki, bu da ötən ildəkindən 4 sentner çoxdur. Fermerlər - rayonun Əhmədbəyli kənd sakinləri Ağasəf Manafov və Mehman Balayev deyirlər ki, pambığın alış qiyməti yüksək olarsa, bu sahəyə maraq da artar. Bununla rayonda pambıq istehsalını 2 dəfə artırmaq mümkün olar.Onu da qeyd edək ki, pambığın qısa müddətdə və itkisiz yığılması məqsədilə rayonda xüsusi qərargah yaradılıb və qarşıya çıxan bütün çətinliklər operativ həllini tapır.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...