PDF Oxu

İqtisadiyyat

  • 17

“Penn Energy”: Azərbaycanın təbii qaz istehsalçısı və ixracatçısı kimi əhəmiyyəti artır

“Penn Energy”: Azərbaycanın təbii qaz istehsalçısı və ixracatçısı kimi əhəmiyyəti artır

Amerikada çıxan "Penn Energy" jurnalında "Azərbaycandan Cənubi Avropaya qaz satışını təmin edəcək qaz kəmərlərinin tikintisi davam edir" sərlövhəli məqalə dərc edib. Məqalədə Azərbaycandan Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliya istehlakçılarına təbii qaz nəql edilməsi üçün nəzərdə tutulan üç qaz kəmərinin tikintisi ilə bağlı ilkin işlərin başlanmasından bəhs edilir.Məqalənin müəllifi Castin Barden qeyd edir ki, bu il iyun ayının axırlarında Azərbaycandan Gürcüstan-Türkiyə sərhədinə qədər Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi layihəsi başlanıb, 2015-ci ilin mart ayında isə Gütcüstan-Türkiyə sərhədindən başlanan və Türkiyə ilə Yunanıstanın sərhədində başa çatan Transanadolu qaz kəmərinin tikintisinə rəsmən start verilib. 2016-cı ildə Transadriatik qaz kəmərinin tikintisinə başlanması gözlənilir. Türkiyə-Yunanıstan sərhədindən başlanan bu kəmər Yunanıstan və Albaniya ərazisindən keçməklə Adriatik dənizinin dibi ilə İtaliyadakı terminala qədər uzanacaq. Məqalədə daha sonra istehlakçı ölkələrə qaz satışının həcmi barədə məlumat verilir.Müəllif yazır: "Azərbaycan tarixən neft hasil edən ölkə kimi məşhur olsa da, onun qaz istehsalçısı və ixracatçısı kimi əhəmiyyəti də artmaqdadır".Məqalədə vurğulanır ki, Avropada "Cənub" qaz dəhlizinə qoşula biləcək digər qaz kəmərləri – interkonnektorlar tikintisi barədə təkliflər də səslənir. Məsələn, Transbalkan qaz kəməri vasitəsi ilə Macarıstandan və Rumıniyadan keçməklə Slovakiyadan Türkiyəyə "Eastring" adlı reversiv boru kəməri inşa edilməsi təklif olunub. Ekspertlər İrandan və İraqdan Türkiyəyə və Avropaya qaz ixrac olunması imkanını da istisna etmirlər.

AZƏRTAC

Digər xəbərlər