İlham Əliyev: "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır"
Azərbaycan beynəlxalq aləmdə dinamik iqtisadi inkişafa malik ölkə kimi tanınmaqla yanaşı, eyni zamanda investisiya cəlbediciliyi baxımından da öndədir. Ölkə Prezidenti İlham Əliyevin "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin Sədrliyi ilə oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı sahibkarlıq subyektlərinin yoxlanılması məsələsinə da toxunmuşdu. Ölkə başçısı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarının qarşısının alınacağını, nəticə çıxarmayanların da cəzalandırılacağını bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq: "Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-birilə rəqabətə çıxıb. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə də qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin - hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar?! Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq...".
Vüqar Bayramov: "Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur"
İqtisadçı-ekspert Vüqar Bayramov sözügedən qanunla bağlı "SƏS" qəzetinə verdiyi açıqlamasında ölkə Prezidentinin bu addımını təqdir etdiyini vurğulayıb: "Prezident İlham Əliyev 19 oktyabr tarixində "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanla respublikamızda sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) lisenziya verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib".
V.Bayramovun sözlərinə görə, müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz dövlət başçısının rəhbərliyilə reallaşmaqdadır: "Bu islahatlar Azərbaycan iqtisadiyyatının şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq. Qlobal və regional çətinliklərin müşahidə edildiyi bir dövrdə bu ilin 9 ayının iqtisadi və sosial nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhfələrini verməkdədir. Bu inkişafın dayanıqlılığı isə birbaşa sahibkarlığın dəstəklənməsi üçün həyata keçiriləcək islahatlarla bağlıdır. Məhz dövlət başçısının hər zaman nümayiş etdirilən siyasi iradəsilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlılığını möhkəmləndirəcək".
İqtisadçı-ekspert, həmçinin bildirdi ki, hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədləri isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsun reallaşması kimi də qiymətləndirmək olar: "Bu islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq".
Vüqar Bayramovun sözlərinə görə, dövlət başçısı tərəfindən reallaşan son iqtisadi islahatlar sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, sosial təsirlər də daxil olmaqla multieffektlərə malikdir: "Bütövlükdə, son islahatların strateji təsirlərini belə qruplaşdırmaq olar. Son 2 sənəd dövlət başçısının sahibkarlığın inkişafilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda, özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm də sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu, sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir. həmçinin, lisenziyaların verilməsinin "ASAN xidmət"ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Hamı razılaşır ki, "ASAN xidmət"in səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu, o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də "vasitəçi" axtarmalı olacaq, o, sadəcə, dövlət rüsumunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq. Bu isə inkişaf etmiş ölkələrdəki təcrübəyə tətbiq edilən islahat deməkdir. Sahibkar, sadəcə, dövlət qarşısında məcburi öhdəliklərini yerinə yetirməklə, o cümlədən dəqiq hesablanmış vergilərə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərə qənaət etməyə imkan verməklə yeni iş yerlərinin sayını artırmağa şərait yaradacaq. Bu baxımdan, son islahatlar, eyni zamanda, məşğulluğun tam təmin olunması baxımından böyük təsirlərə malik olacaq".
Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində o ölkədə sahibkarlar sinfi bundan sonra daha da güclənəcək, müstəqil Azərbaycanın inkişafına öz layiqli töhfəsini verəcəkdir.
R.HÜSEYNOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...