PDF Oxu

İqtisadiyyat

  • 33

Ailə büdcəsinin formalaşdırılması ilə bağlı treninq

Ailə büdcəsinin formalaşdırılması ilə bağlı treninq

"Naxçıvan" Universitetinin bank işi kabinəsində keçirilən treninqdə maliyyə savadlılığı, ailə büdcəsinin formalaşdırılması və idarə olunmasının əhəmiyyətindən söz açılıb.AZƏRTAC xəbər verir ki, treninq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" Sərəncamının icrası ilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən keçirilib.Treninqdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Elçin Əliyev deyib ki, tələbələrlə maliyyə savadlılığının artırılması sahəsində keçirilən tədbirlərin əsas məqsədi onlarda gəlirlərdən daha səmərəli istifadə, xərclərin optimal bölüşdürülməsi, bank xidmətlərindən istifadə zamanı düzgün qərarların verilməsi, həmçinin sərbəst vəsaitlərin gəlirli sahələrə investisiya edilməsi kimi vərdiş və bacarıqların formalaşdırılmasından ibarətdir.Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşlarından Tural Şirəlizadənin, Hafiz İsmayılbəylinin çıxışları da tələbələr tərəfindən maraqla qarşılanıb. Çıxışlarda qeyd edilib ki, ailə büdcəsi ailənin iqtisadi durumunun, həyat səviyyəsinin göstəricisi, ailə üzvlərinin tələbatlarının ödənilməsinin əsas mənbəyidir. Bütün bunlar ailə büdcəsinin formalaşdırılmasını və səmərəli istifadə edilməsini şərtləndirir. Ailə büdcəsi gündəlik, həftəlik, aylıq və illik büdcə qaydası ilə formalaşdırılır və istifadə olunur. Bu gün muxtar respublikada yaşayan ailələrin böyük bir qisminin ailə büdcəsi planlaşdırmasından xəbərsiz olması və ya buna az maraq göstərməsi ailə gəlirlərinin səmərəliliyini aşağı salır. Bu mənada, ailə büdcəsi çox vacibdir.Bildirilib ki, əgər ailədə büdcə planlaşdırılmırsa, gəlirlər kortəbii şəkildə xərclərə yönəldilirsə, qənaət yoxdursa, ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında israfçılığa yol verilirsə, gəlir çox olsa belə, ailənin xərclərinin qarşısını almaq mümkün olmayacaq. Bu isə ailələrin borclanmasına və ya qarşılaşdığı hər hansı maddi çətinlikdə kredit üçün banklara müraciət etməsinə gətirib çıxarır.Qeyd olunub ki, əhalinin müəyyən təbəqəsi qarşılaşdığı hər kiçik maddi problemlə bağlı istehlak krediti almaq üçün banklara üz tutur. Məhz bunun nəticəsidir ki, son vaxtlar istehlak kreditlərinin kredit portfelindəki payı 40 faizə qədər yüksəlib. Mənfi cəhətlərdən biri də ondan ibarətdir ki, ailələrin böyük bir qismi götürdükləri kreditləri öz gəlirlərinə daxil edirlər. Bu cür yanlış yönləndirmə gələcək aylar ərzində ailələrin xərclərinin artımında özünü büruzə verir. Belə ki, alınmış kreditlər, sadəcə istifadə edildiyi başlanğıc anında ailə daxilində istehlakı canlandırır. Növbəti ayda kredit üzrə geri ödənişlər başlandığı andan etibarən isə ailədaxili xərcləri artırır və alıcılıq qabiliyyətini aşağı salır. Bu baxımdan ailə büdcəsini planlaşdırmaqla, ailə üzvlərinin əldə etdiyi gəlirlər və edilən xərcləri müəyyənləşdirməklə, bu prosesi hər ay mütəmadi şəkildə davam etdirməklə ailələr qarşılaşa biləcəkləri maddi problemlərin öhdəsindən gələ bilər və əsassız borclanmalara yol verməzlər.Sonra tədbir iştirakçıları arasında mövzu ilə bağlı anket sorğusu aparılıb. Onlara ailə büdcəsinin formalaşdırılması ilə bağlı bukletlər paylanılıb.

AZƏRTAC

Digər xəbərlər