Vüqar Bayramov: "İslahatlar 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühim mərhələ olacaq"
Son günlərdə ölkəmizdə liberal biznes mühitinin optimallaşdırılması məqsədilə hüquqi-qanunvericilik bazasının möhkəmləndirilməsilə paralel surətdə, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrə yol verən, iş adamlarını incidən, onların qarşısında öz korporativ məqsədlərini təmin etmək üçün qeyri-qanuni tələblər irəli sürən yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı müvafiq cəza tədbirləri görülür. Qeyd edək ki, bəhs olunan məsələlərlə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilən 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qətiyyətli siyasi iradə ortaya qoyub. Dövlət başçısı yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını vurğulayaraq problemlərin aradan qaldırılmalı olduğu haqqında son xəbərdarlıq edib. Sözügedən məsələ ilə bağlı "SƏS" qəzetinə asçıqlama verən iqtisadçı ekspert Vüqar Bayramlı bu islahatların Azərbaycan iqtisadiyyatında şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq: "Dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə etməklə yanaşı, vergi yoxlamaları istisna edilməklə bütün növ yoxlamaların 2 il müddətində dayandırılmasilə bağlı qanun layihəsini parlamentə təqdim etdi. Beləliklə, dövlət başçısnın bir neçə gün öncə tezislərilə anonsu verilən sahibkarlığın inkişafındakı yeni mərhələ reallaşmaqdadır. İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlığının təmin edilməsi və dövlət büdcəsində vergili daxilolmaların artırılması və nəhayət, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorunun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz Cənab Prezidentin rəhbərliyilə reallaşmaqdadır. Bu islahatlar Azərbaycan iqtisadiyyatında şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühim mərhələ olacaq".
Son iqtisadi islahatlar sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, sosial təsirlər də daxil olmaqla multi-effektlərə malikdir
İqtisadçı-ekspert onu da vurğuladı ki, bu gün qlobal iqtisadi durum çətinləşməkdədir və bu böhran, hətta inkişaf etmiş ölkələrdə belə müşahidə olunur: "Belə bir şəraitdə Azərbaycan dövləti sahibkarlığın inkişafına hər cür dəstək həyata keçirir. Azərbaycan regionda sahibkarlığın inkişafına ən çox birbaşa maliyyə yardımı göstərən ölkədir. Artıq maliyyə yardımilə yanaşı, sahibkarları narahat edən bütün bürokratik problemlər aradan qaldırlmaqdadır. Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədlər isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar. Bu islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq. Dövlət başçısının tərəfindən reallaşan son iqtisadi islahatlar sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, sosial təsirlər də daxil olmaqla multi-effektlərə malikdir".
İqtisadçı-ekspert bildirdi ki, son 2 sənəd dövlət başçısının sahibkarlığın inkişafilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda, özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir: "Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu, artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəlliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm də sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir. Eyni zamanda, lisenziyaların verilməsinin "Asan" Xidmətə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Ən başlıcası isə yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsi bütün bürokratik əngəllərin aradan qaldırılması müşahidə ediləcək. Hamı razılaşır ki, "ASAN" xidmətinin səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu, o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də "vasitəçi" axtarmalı olacaq, o, sadəcə, dövlət rüsmunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq. Bu isə inkişaf etmiş ölkələrdəki təcrübəyə tətbiq edilən islahat deməkdir. Lisenziyaların sayının azaldılması, eyni zamanda, sahibkarların xərclərini azaldacaq. Bu, həm leqal xərclərin azaldılması, həm də qeyri-leqal xərclərin birdəfəlik ləğv edilməsi deməkdir".
"Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həm də dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə səbəb olacaq" -deyən iqtisadçı-ekspert gələn büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun payına düşəcək: "Bu gəlirlərin təmin edilməsi isə bilavasitə sahibkarlığın daha da inkişaf etdirilməsilə bağlıdır. Bu, həm də sahibkarlıq sektorunda vergi intizamının güclənməsinə də səbəb olacaq. Nəticədə, dövlət büdcəsinin vergili daxilolmalarında artım müşahidə ediləcək, məşğulluğun tam təminati baxımdan böyük təsirlərə malik olacaq. Bu, bilavasitə əmək qabiliyyətli əhalinin daha yüksək maaşlı və dayanıqlı işlə təmin olunması imkanları deməkdir. Deməli, son islahatlar, eyni zamanda, yeni iş yerlərinin yaradılması və biznes mühitinin daha da canlandırılmasına səbəb olacaq, ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək.
Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühüm mərhələ başlayır. Liberal iqtisadiyyat və azad bazarı əsas iqtisadi prinsiplər elan edən ölkəmizdə sahibkarlığın inkişafında başlanan yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minumumlaşdıra biləcək. Bu isə dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək".
R.KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...