Ölkə başçısının qətiyyətli siyasəti sayəsində cinayətkarların tapılaraq cəzalandırılması prosesi davam edəcək
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız yoxlamaların aradan qaldırılması zərurətilə bağlı söylədiyi fikirləri bir daha onu sübut edir ki, ölkə rəhbərinin bu istiqamətdə atdığı qətiyyətli addımlar bundan sonra da davam edəcək. Eyni zamanda, bir amili də vurğulamaq lazımdır ki, verilən qətiyyətli qərardan sonra sahibkarlığın inkişafında yeni mərhələ yaranır və sahibkarlar ölkəmizin inkişaf-tərəqqisində mütərəqqi hədəflərə və imkanlara sahib olacaqlar.
Daha dəqiq desək, Prezident İlham Əliyev istər keçirdiyi müşavirələrdə, istərsə də Nazirlər Kabinetinin geniş tərkibli iclaslarında sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə hallarının olduğunu vurğulayıb və bu hallara qarşı total mübarizə aparılmasının vacibliyini önə çəkib. Bu çağırışlar sahibkarların işinə əngəl yaradan qurumların, səlahiyyətlərindən sui-istifadə edən şəxslərin fəaliyyətinin geniş şəkildə araşdırılacağının siqnalı idi. Milli Təhlükəsizlik Nazirliyində (MTN) aparılan həbsləri bu baxımdan Prezidentin iqtisadi sabotajlara qarşı mübarizədə siyasi iradə nümayiş etdirməsinin məntiqi nəticəsi saymaq olar.
Qəbul edilən qərarlar sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir
Onu da xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyevin keçirdiyi iclasda Onun tərəfindən verilən qərardan və səsləndirilən fikrlərdən sonra ölkə rəhbəri tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi və parlament tərəfindən dərhal qəbul edildi. Məhz bu qanuna əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Bu qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün böyük və tarixi əhəmiyyət kəsb edir.
O cümlədən, Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli Fərmanilə təsdiq edilmiş "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, dövlət başçısının imzaladığı Fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənib. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilib və Milli Məclisə təqdim edilmiş "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilib. Bu Fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqlənib.
O cümlədən, gömrük sahəsində nəzarətin həyata keçirilməsilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Cənab Prezidentin Fərmanı da ölkə başçısının biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı sahəsində gündəlik qayğısının təzahürüdür. Burada əsas xüsusiyyətlərdən biri də odur ki, qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan məsələlərin həllinə imkan yaradacaqdır. Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Respublikanın qazandığı uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illər beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasət strategiyasının düzgünlüyünü bir daha təsdiq edir.
Xalqın ölkə rəhbərliyinin qərarına verdiyi birmənalı dəstək dövlət siyasətinə olan obyektiv reaksiyadır
Lakin bütün bunlara yanaşı belə bir sual yaranır. Axı nəyə görə, məhz sahibkarlar bu qurumun əməkdaşları tərəfindən həfədə alınırdı və sahibkarlara qarşı istiqamətlənən faktlar arxasında daha hansı əməllər dayanıb? Artıq o da bəllidir ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edərək, MTN-in adından sui-istifadə edən cinayətkar dəstə sahibkarları və onların əlaqədə olduğu şəxsləri ən ağlasığmaz cinayətlərdə ittiham edərək milyonlarla vəsait mənimsəyiblər. Açıq desək, burada reketçilik cinayətinin təzahürləri kifayət qədərdir. Məsələn, sahibkarlara qarşı saxta ittihamların irəli sürülməsi, külli miqdarda rüşvətlərin tələb olunması, tələb olunan məbləği verməyəcəyi təqdirdə, terrorçu birləşmələrə və xarici xidmət orqanlarilə əlaqədə ittiham olunacaqlarilə bağlı hədələrin edilməsi də qeyd edilən fikirləri sübuta yetirir. Hətta vəziyyət o həddə qədər gəlib çatmışdı ki, sahibkarlar onlara qarşı atılan cinayətkar addımlar barədə mətbuata informasiya ötürəndə təhdid edən tərəf onları narkotik alverində ittiham edərək, həbslə hədələyirdilər. Eyni zamanda, sahibkarların şəxsi həyatlarına qədər müdaxilələr olurdu. Bu isə açıq şantaj əməlləridir desək, heç də yanılmarıq. Artıq üzə çıxanlarla yanaşı, uzun müddət gizlində qalan informasiyalar da ictimai rəyə açıqlanmaqdadır. Məsələn, bəlli olub ki, sahibkarlardan bəziləri MTN-də mövcud olmuş cinayətkar dəstənin onlara qarşı tədbiq etdiyi təzyiqlərə dözməyərək, intihar ediblər. Digərləri isə müxtəlif xəstəliklərə tutulub dünyalarını dəyişiblər. Bu barədə faktlar da artıq ortaya çıxmaqdadır. Söz yox ki, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi cinayətkarların tapılaraq cəzalandırılması prosesini davam etdirəcək. Artıq ictimaiyyət də Onun tərəfindən verilən qərarları dəstəkləyir. Belə ki, qanunsuz qruplaşma yaradaraq bu cür neqativ fəaliyyətlə məşğul olanların neytrallaşdırılması təbii olaraq cəmiyyət tərəfindən müsbət qarşılanır. Yəni bu, cəmiyyətin obyektiv reaksiyasıdır, çünki bazar iqtisadiyyatının əsas mexanizmlərindən biri və bəlkə də birincisi sahibkarlıq fəaliyyətidir.
Beləliklə, sahibkarlar Prezident İlham Əliyevin sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşıladıqlarını bildirməklə yanaşı, həm də sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə edirlər. Həmçinin, dövlətin yürütdüyü bu siyasəti birmənalı olaraq dəstəkləyirlər.
Rövşən NURƏDDİNOĞLU
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...