PDF Oxu

İqtisadiyyat

  • 28

Sahibkarlığın inkişafının yeni mərhələsi

Sahibkarlığın inkişafının yeni mərhələsi

İlham Əliyev: "Sahibkarlığa maneçilik törədənlər ciddi şəkildə cəzalandırılacaqlar".

Azərbaycanın neftdən asılılığının minimum həddə çatdırılması üçün qeyri-neft sektorunun, xüsusilə sahibkarlığın inkişafı prioritet məsələdir. Bununla bağlı istər Ulu Öndər Heydər Əliyev zamanında, istərsə də hazırda cənab Prezident İlham Əliyev tərəfindən mühüm islahatlar həyata keçirilib.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafilə bağlı real və strateji addımlar atılmaqdadır. Dövlət başçısının bir neçə gün öncə tezislərilə anonsu verilən sahibkarlığın inkişafındakı yeni mərhələ reallaşmaqdadır. İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlığının təmin edilməsi və dövlət büdcəsində vergi daxilolmalarının artırılması və nəhayət, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır.

Müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradə müsbət nəticələr verib. uyğun olaraq özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz cənab Prezidentin rəhbərliyi ilə reallaşmaqdadır. Bu islahatlar Azərbaycan iqtisadiyyatının şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq. Artıq bu mərhələ başladı deyə bilərik.

Cənab Prezident Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib ki, sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam: "Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Artıq qurtardı, yəni, hövsələ tükənib". Dərhal sonra isə imzaladığı Fərmanla sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bu Fərman sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq.

Bu barədə iqtisadçı-ekspert Azər Mehdiyevin fikirlərini öyrəndik. O bildirdi ki, ölkədə neft gəlirlərinin azalması və büdcədə olan gərginlik, digər tərəfdən sahibkarlıq sahəsində olan problemlər Prezidentin məlum Fərmanını zəruri edən məsələ idi: "Ötən ilin martında da Cənab Prezident sahibkarlıq mühitinin yaxşılaşdırılması və mövcud problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini aidiyyatı orqanlara tapşırmışdı. Amma nədənsə bu məsələlər unudulmuşdu. Artıq son illərdə dövlət başçısının xəbərdarlıqlarına baxmayaraq ayrı-ayrı qurumların sahibkarları sıxışdırması, fəaliyyətlərinə maneələr yaratması prosesi güclənmişdi. Ümid edirəm ki, bu qərarlar sahibkarlığın inkişafına təkan verəcəkdir. Sahibkarlıqda yoxlamaların 2 il müddətinə aradan qaldırılması, lisenziyaların verilməsinin avtomatlaşdırılması, bir pəncərə sisteminə keçilməsi - bütün bunlar bu sahənin inkişafına təkan verəcəkdir. Lakin bunlar yeterli deyil. Bundan sonra da bu islahatlarına davam etdirilməsinə və sahibkarlıq mühitinin təkmilləşdirilməsi üçün sistemin tamamlanmasına ehtiyac var. Söhbət məhkəmə sisteminin müstəqilliyinin artırılmasından və sahibkarların müqavilə öhdəliklərinin pozulması halında məhkəməyə müraciət etməklə ordan ədalətli, obyektiv qərarlar əldə etmək imkanlarının genişləndirilməsindən gedir. Eyni zamanda, sahibkarların fəaliyyətinə ictimai nəzarətin təşkil edilməsi vacibdir. İctimai nəzarət isə mövcud qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Sahibkarlıqda məmur inhisarlığının aradan qaldırılaraq sağlam rəqabət mühitinin formalaşdırılması önəmlidir. Rəqabət məcəlləsi yenidən işlənməlidir. Müflisləşmə haqqında qanun olsa da, bu qanunun bütövlükdə işlənməsi təmin edilməlidir. Müəssisələrin müflisləşmə institutu yaradılmalıdır. Bütün bunların reallaşması sahibkarlığın və azad bazar iqtisadiyyatının inkişafına təkan verəcək. İstənilən halda Prezidentin atdığı bu addımların davamı gəlməklə tamamlanmalı və ölkədə sahibkarlıq mühiti təkmilləşdirilməlidir".

Bir neçə gün öncə Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən ciddi hadisələr onu göstərdi, ölkə başçısının narazılığı və sərt tənqidi, eyni zamanda xəbərdarlığı əbəs deyilmiş. Bir çox yüksək rütbəli şəxslərin vəzifədən azad olunması, bəzilərinin həbsi Cənab Prezidentin bu məsələdə qətiyyətini ortaya qoydu. Məlum oldu ki, ölkədə sahibkarlığın inkişafına maneçilik törədən qrupların bir hissəsi ölkənin milli təhlükəsizliyini təmin etməli olan qurumunda cəmləşib. Bütün bu məsələlər barədə sabiq polis rəisi-ekspert Mahmud Hacıyevin mövqeyini öyəndik. Onun fikrincə, ölkəmizdə sahibkarlığın inkişafına əngəl olun bəzi qrupların, xüsusilə MTN əməkdaşlarının ifşası cəmiyyət arasında böyük əhval ruhiyyə yaratdı: "Bu addım tək sahibkarların yox, ümumilikdə cəmiyyətimizin sevincinə səbəb oldu. Dövlətin milli təhlükəsizliyini qorumalı olan bu qurumun daxilində belə qrupların mövcudluğu özü çox böyük təəssüf doğuran haldır. Yaxşı oldu ki, bu qüvvələr tapıldı, onların bəziləri həbs edildi, bəziləri isə vəzifələrindən uzaqlaşdırıldı. Təbii ki, yaradılmış istintaq qrupu bu şəxslərin etdikləri əməllərini daha geniş müstəvidə araşdıracaq və layiqli cəzalarını almaları üçün bütün lazımi tədbirləri görəcəklər. Azərbaycanda sahibkarlıq kimi perspektivli bir sahənin inkişafına mane olan qüvvələr bununla bitmir. Əminəm ki, dövlətimizin hüquq- mühafizə orqanları həmin qüvvələri də qısa zamanda ifşa edəcək".

Tofiq Rəfailoğlu

Digər xəbərlər