Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhran: səbəblər və nəticələr
Son aylar Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirmişdir. Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıya qalmışdır. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların geniş etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmalara da rəvac vermişdir. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Bununla yanaşı, Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır.
Hazırda bütün sahələrdə iflasa uğrayan Ermənistanın dövlət borcu rekord səviyyəyə çatmışdır. Ermənistan Mərkəzi Bankının hesabatına görə, ölkənin xarici borcu gəlirləri 60 faiz üstələyir. Bu isə son 10 il üçün ən böyük göstərici hesab olunur. Bu baxımdan hökumət yaranan problemləri həll etmək iqtidarında deyil. Çünki Ermənistan tamamilə iflasa uğrayıb və borc içində olan ölkənin rəhbərliyi nə edəcəyini bilmir.
Son rəsmi məlumatlara əsasən, ölkənin ümumi borcu 5 milyard dollara yaxındır. 2015-ci ilin birinci rübündə Ermənistanın dövlət borcu ümumi daxili məhsulu 52,8 faiz, xarici borcu isə 44,9 faiz üstələmişdir. Elektrik enerjisinin tariflərinin artırılmasından sonra isə, əhalinin hökumətə inamı tamamilə itmişdir. Bu hal əhalinin yaşayış səviyyəsinin daha da pisləşməsi deməkdir. Ermənistanda cari ildə də iqtisadi göstəricilər yaxşıya doğru dəyişməmişdir. Nəticədə, yoxsulluq səviyyəsi bir qədər də artmışdır və bunun yaxşılığa doğru dəyişməsi də gözlənilmir. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması heç bir müsbət effekt verməmiş, əksinə, mənfi təsir etmişdir. Ermənistanın Gömrük İttifaqına üzv olması isə başqa ölkələrlə ticarət əlaqələrini daha da məhdudlaşdırmışdır. Odur ki, Ermənistanda iqtisadi tənəzzül davam edir və cari ildə inflyasiya daha da artacaqdır. Bu səbəbdən böhranın hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır.
Ermənistan sosial inqilab astanasındadır
Ermənistanın paytaxtında elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbilə iyunun 19-dan başlanan silsilə mitinqlərdə iştirakçıların sayı da get-gedə artmaqdadır. Etirazçılar daha geniş miqyasda aksiyaların keçirəcəklərini bildirirlər. Erməni mətbuatının məlumatına görə, artıq "Ayağa qalx, Ermənistan!" vətəndaş hərəkatı noyabr ayının 5-dən başlayaraq növbəti ümumxalq mitinqinə qərar verilibdir. Bu məqsədlə ictimaiyyətə sosial şəbəkələr vasitəsilə çağırışlar edilmiş, hər bir vətəndaşı Ermənistan hakimiyyətinin yürütdüyü bu siyasətə qarşı birləşməyə çağırmışdır.
Bu baxımdan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün işğalçı ölkənin gələcəyinin də qeyri-müəyyən olduğunu qeyd etmək olar. Ermənistanda dərin sosial-iqtisadi tənəzzül meyilləri hakimiyyətlə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirmişdir. Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə, yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti sürətlə qalxmışdır. Son bir ayda qiymətlər ümumilikdə 5,6 faiz artmışdır. Bu, ölkə iqtisadiyyatının iflası kimi dəyərləndirilir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Ermənistan sosial inqilab astanasındadır.
Son 6 ayda Ermənistanı 15 min nəfərdən çox əhali tərk edib
Bununla yanaşı, Ermənistandakı dözülməz vəziyyət nəticəsində işğalçı ölkəni tərk edənlərin sayı da artmaqdadır. Ermənistan Miqrasiya Xidmətinin verdiyi rəsmi məlumata görə, 2015-ci ilin əvvəlindən ölkəni 15 min nəfərdən çox əhali tərk edibdir. Amma qeyri-rəsmi mənbələrə görə bu, deyildiyindən dəfələrlə çoxdur. "Armenia today" yazır ki, son bir il ərzində Ermənistandan köçənlərin sayında artım müşahidə edilməkdədir. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalır. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan cana doymuşlar. Mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirmişdir. Ölkənin sosial problemlərini aradan qaldırmaq üçün kifayət qədər siyasi və iqtisadi resurslara malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanın şərtləndirməsinə zəmin yaratmışdır.
Erməni ekspertləri Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində bir ölkə olduğunu bildirirlər
Erməni ekspertləri bildirirlər ki, bölkənin bu vəziyyətə düşiməsinin səbəbi Azərbaycan torpaqlarını işğal etməsi, təcavüzkar siyasəti, Türkiyəyə qarşı ərazi iddiaları bu ölkəni tam maliyyə böhranı və regionda təcrid vəziyyətinə gətirib çıxarmışdır. Ekspertlər onu da bildirilər ki, məhz bu səbədən də ölkənin büdcəsi, demək olar ki, boşdur. Ölkəni aclıqdan xilas edən ancaq erməni diasporunun və ABŞ Konqresinin mütəmadi maliyyə yardımıdır. Bu gün Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində bir ölkə olması danılmaz faktdır. Ermənistan gəncləri onları öz vətənində dilənçi kimi yaşamağa məcbur etmiş iqtidarı lənətləyərək, xarici ölkələrə həmişəlik köçürlər. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü Azərbaycan və digər qonşu ölkələrlə regional əməkdaşlıqdan məhrum etmişdir və bunun nəticəsi Ermənistandakı köklü yoxsulluqdur. Ermənistan əhalisinin 50 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Beləliklə, bu, məhz həmin siyasətin, təcavüzün və işğalın nəticəsidir. Bununla yanaşı, münaqişənin nizamlanmaması, ilk növbədə, Ermənistandakı cinayətkar və kriminal rejimə-Qarabağ klanına sərf etmir. Mövcud status-kvonun dəyişməsi, yəni Azərbaycan ərazilərinin işğaldan azad olması bu klanın həyati maraqlarına uyğun gəlmir. Bu vəziyyətdən, yəni Ermənistanın cinayətkar rejiminin başında duranlar, xüsusilə forpost, marionetka dövlətin "siyasi elitası" Azərbaycanla münaqişədən öz mənafeyi üçün istifadə edir. Hakimiyyət orqanları sosial etirazların təzyiqilə üzləşdikdə, guya Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanması üçün əlverişli şərait yaranmasında ölkəmizi təqsirləndirirlər.
Ancaq 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək, hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Lakin Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan dövlət başçısı İlham Əliyev bildirmişdir: "Biz danışıqları, sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu, mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Sarkisyan devriləcək
Erməni ekspertləri belə ehtimal edirlər ki, Sarkisyan prezidentlik müddətini başa vura bilməyəcək: "Bütün bunlar Ermənistan prezidentinin varis tapmasını da çətinləşdirəcək. Hazırda eks-prezident Robert Koçaryan prosesləri diqqətlə izləyir. Hazırkı prezident Ermənistanı uçuruma yuvarlayıb. Sarkisyanın hakimiyyəti dövründə bütün sahələrdə geriləmələr baş verib. Hətta Sarkisyanı hakimiyyətə gətirən Koçaryan da onu tənqid etməyə başlayıb. Xalq hərəkatı gücləndiyi təqdirdə, müxalifət partiyaları da bu mitinqlərə qoşula və inqilab ola bilər".
A.SƏMƏDOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...