Mingəçevirdə işgüzar forumda 60 sahibkara 4,7 milyon manat güzəştli kredit verilib.AZƏRTAC xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu istiqamətdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum noyabrın 6-da Mingəçevir şəhərində təşkil olunub.Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Mingəçevirdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.Yüzdən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Mingəçevir şəhərinin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Mingəçevir şəhərində fəaliyyət göstərən 164 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 8,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 1160-dan çox yeni iş yerinin açılması mümkün olub. Ümumilikdə isə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 462 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 36800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.İşgüzar forumda Mingəçevir və ətraf rayonlardan olan 60 sahibkara 4,7 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, iri fermer təsərrüfatının yaradılmasına, heyvandarlıq, arıçılıq, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək.Forum çərçivəsində Mingəçevirdə güzəştli kredit ayrılan çörək və tikinti materiallarının istehsalı müəssisələrinə baxış keçirilib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...