PDF Oxu

İqtisadiyyat

  • 53

Aqrar sahə yeni inkişaf mərhələsində: perspektivli nəticələrə doğru

Aqrar sahə yeni inkişaf mərhələsində: perspektivli nəticələrə doğru

İlham Əliyev: "Biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik"

Ölkəmizin inkişafı və müstəqilliyimizin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyan bütün strateji sahələrdə olduğu kimi, respublikamızda kənd təsərrüfatını sürətli inkişaf yoluna çıxaran sosial, siyasi-iqtisadi islahatlar kursunun əsası da xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərinin ortalarından etibarən qoyulub. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatının böhrandan çıxarılması və gələcək inkişafı üçün həlledici faktor olan yeni neft strategiyasının əsasında dayanan "Əsrin müqaviləsi"nin imzalanmasından dərhal sonra ölkədə aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülməsinə başlanıldı. 1995-1996-cı illərdə zəruri hüquqi bazası yaradılmaqla 1996-1998-ci illərdə sistemli şəkildə və sürətlə həyata keçirilən aqrar islahatlar nəticəsində qısa müddət ərzində torpağın kəndlilərin şəxsi mülkiyyətinə verilməsi və aqrar sektorda bazar prinsiplərinin formalaşdırılması təmin edildi. Eyni zamanda, 1999-2000-ci illərdən etibarən aqrar sahədə formalaşmış özəl sektora bazar iqtisadiyyatı prinsiplərinə uyğun dövlət dəstəyi mexanizmlərinin yaradılmasına başlanıldı.

Etibarlı ərzaq təhlükəsizliyi iqtisadiyyatın prioritet istiqamətlərindəndir

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Aqrar sahənin intensiv inkişafı və bu əsasda ölkənin etibarlı ərzaq təhlükəsizliyinə nail olunması iqtisadiyyatın şaxələndirilməsi strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir və dövlət bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Məhz Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması respublikamızda aqrar sektorun inkişafına güclü siyasi iradə nümayiş etdirilməsinin daha bir təsdiqidir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, dövlət başçısının "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-cü il tarixli Sərəncamı və "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Həmçinin, dövlət başçısının imzaladığı "Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alındı. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda son illərdə aqrar sektorun dinamik inkişaf relslərinə çıxmasında vacib amillərdən biri də ölkəmizin güclü iqtisadi potensialı, geniş maliyyə imkanlarıdır.

İstehsalçıların müvafiq istehsal vasitələri və xidmətlərlə təchizatı güclənir

Kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması istiqamətində "Aqrolizinq" ASC-nin fəaliyyəti cari ilin ilk 9 ayı ərzində daha da genişləndirilmişdir. Bu dövr ərzində "Aqrolizinq" ASC tərəfindən müasir aqrotexniki tələblərə cavab verən və əsasən Avropa istehsalı olan 2765 kənd təsərrüfatı texnikaları, o cümlədən 209 taxılyığan kombayn, 1074 traktor və 1482 digər kənd təsərrüfatı texnikaları kənd təsərrüfatı məhsullarının istehsalçıları olan 1587 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilmiş və ya lizinq qaydasında satılmışdır. Bu göstəricilər ötən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur.

Ölkədə kənd təsərrüfatının rəqabətqabiliyyətliyinin artırılması siyasətinin zəruri elementlərindən biri kimi heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirləri də kompleks şəkildə davam edir. Cari ilin ötən dövrü ərzində "Aqrolizinq" ASC tərəfindən 7106 baş cins damazlıq qara malın və 5200 baş davarın ölkəyə gətirilərək dəyərinin 50 faiz həcmində güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilməsi üçün müvafiq prosedurların icrası təmin olunmuşdur. Eyni zamanda, son illər ölkəmizdə irimiqyaslı heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq heyvanların idxal edilməsi nəticəsində süni mayalama işinə tələbat çoxalmış, kənd yerlərində bu sahəyə maraq daha da artmışdır. Buna uyğun olaraq, yerlərdə ixtisaslı süni mayalama mütəxəssislərinə olan ehtiyac da artmışdır.

Biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik

Məhz Azərbaycanın uğurlu inkişafının nəticəsidir ki, dünya ölkələrində baş verən iqtisadi tənəzzül zəminində ölkəmizdə nəinki iqtisadiyyatın dayanıqlığı təmin edilib, hətta inkişaf dinamikası müşahidə olunmaqdadır. Avropa ölkələri miqrantların axışı səbəbindən humanitar fəlakətlə üz-üzə qaldıqları halda Azərbaycanda qaçqın və məcburi köçkünlərin rifahı günü-gündən yaxşılaşdırılır. Heç şübhəsiz ki, bütün sadalanan nailiyyətlərə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, vaxtilə maddi nemətlərin bir çoxunu xaricdən idxal edən Azərbaycan indi nəinki öz vətəndaşlarını ərzaqla təmin edir, hətta məhsul ixracatçı ölkəsinə çevrilib.

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı bir çox məsələlərlə yanaşı kənd təsərrüfatının son illər artımının həm sosial, həm də iqtisadi sahədə yüksək olduğunu qeyd etmişdir: "Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. 30 iri fermer təsərrüfatı yaradılmışdır, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılmışdır. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir".

Etiraf edilməlidir ki, Azərbaycanın belə uğurlu inkişafı ölkədə sabitlik və təhlükəsizliyin qarantına çevrilir. Artıq fəxarətlə deyə bilərik ki, hazırda dünya ölkələrinin vətəndaşları ilə müqayisədə Azərbaycan vətəndaşları sabitlik və təhlükəsiz şəraitdə yaşayırlar. Dövlət başçısı çıxışlarında da qeyd edir ki, Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır: "Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq".

Beləliklə, bütün bu real faktlar onu bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində aqrar sahədə böyük uğurlar qazanılır, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, yoxsulluğun ləğvində, əhalinin məşğulluğunun artırılmasında və maddi rifahının yaxşılaşdırılmasında konkret nailiyyətlər əldə edilir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər