Cənab İlham Əliyevin Sərəncamı ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində təşkili üçün Prezidentin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb
İyirmi birinci yüzillikdə dünyada qarşıdurmalar, müharibələr, maliyyə və iqtisadi böhranlar yaşanıldığı zamanda Azərbaycan dinamik inkişaf yolundadır. Bu, ölkə başçısı Cənab İlham Əliyevin apardığı müstəqil, ardıcıl siyasətin məntiqi nəticəsidir. Ölkəmizin bütün sahələrində kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və digər sahələrdə əldə olunan uğurları, eləcə də beynəlxalq səviyyədə qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olan amillərdir. Bütün bu uğurlarla bərabər bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Son illərdə ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı və onlarla belə beynəlxalq tədbirlər ölkəmizin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından belə böyük əhəmiyyət kəsb edir. Tədbirlərdə bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar və s. ətrafında məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunur.
Bütün bu və ya digər beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan Prezident Cənab İlham Əliyevin bildirdiyi kimi, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Bunun xalqımız üçün normal həyat tərzi olduğunu bildirən Cənab İlham Əliyev çıxışlarında müasir dövrdə dünya ölkələrində xoşagəlməz halların müşahidə olduğu zamanda Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında tolerantlıq, dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin mövcudluğunu dəfələrlə vurğulayıb. Ölkəmizə gələn təbdir iştirakçılarının sözsüz ki, bu mənzərə diqqətindən yayınmır. Bu, əlbəttə ki, dövlət siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. Azərbaycan bütün başqa sahələrdə olduğu kimi tolerantlıq, multikulturalizm baxımından da bir sıra ölkələr üçün uğurlu nümunəyə çevrilib. Əlbəttə ki, müasir dövrümüzdə Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyindən ölkəmiz çoxmillətli və çoxdinli bir ölkə kimi tanınıb. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqa malikdir. Bu baxımdan, bir çox dünya dövlətlərindən fərqli olaraq Azərbaycanda yüksək tolerantlıq, multkulturalizm nümayiş etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasını 70 illik yubileyinə həsr olunmuş yığıncağında Cənab İlham Əliyev çıxışında belə vurğulayıb:"...indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ - ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik. Əfsuslar olsun ki, biz bütün bunları hər gün televizorlarda görürük. Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur".
Əminliklə qeyd edə bilərik ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Məhz elə 2016-ci ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da bundan qaynaqlanır. Məlumdur ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilmişdir.
Artıq forumun Bakı şəhərində yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə Təşkilat Komitəsi də yaradılıb. Noyabrın 11-də isə 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında Sərncam imzalayıb. Sərəncama əsasən, forumun Bakı şəhərində təşkili üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb. Bu tədbirlər ölkəmizdə keçiriləcək forumun yüksək şəkildə təşkilinə geniş imkanlar açacaq.
Əlbəttə ki, ölkəmizə gələcək forum iştirakçıları bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.
Nəzakət ƏLƏDDİNQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...