PDF Oxu

İqtisadiyyat

  • 35

Azərbaycan regionun əsas iqtisadi-siyasi güc mərkəzi kimi beynəlxalq proseslərdə aktiv rolunu oynayır

Azərbaycan regionun əsas iqtisadi-siyasi güc mərkəzi kimi beynəlxalq proseslərdə aktiv rolunu oynayır

Bu gün Azərbaycan beynəlxalq səviyyədə vacib tərəfdaş ölkə kimi qəbul edilməkdədir. Sirr deyil ki, Azərbaycan yalnız regionun əsas iqtisadi-siyasi güc mərkəzi kimi deyil, həm də dünyanın böyük dövlətləri ilə eyni sırada dayanan, beynəlxalq əhəmiyyətli məsələlərin həll edilməsində rəyinə və iştirakına ehtiyac yaranan bir dövlətə çevrilib. Xüsusilə də, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmlə mübarizə sahəsində əməkdaşlıq ölkəmizə böyük hörmət və nüfuz qazanmışdır. Məhz Prezident İlham Əliyevin dünyanın böyük dövlətlərinin iştirakı ilə "G20 Sammiti"nə qatılması və beynəlxalq iqtisadi güc mərkəzləri ilə eyni masanı bölüşməsi deyilənlərin növbəti isbatı kimi qəbul edilməlidir.

Əlbəttə, Azərbaycan buna qədər də bir sıra qlobal əhəmiyyətli layihələrin həm iştirakçısı, həm də təşkilatçısı rolunda olmuşdur. 2011-ci ildə ölkəmiz dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. Bu, müstəqilliyinin hələ 20-ci ilində olan gənc bir dövlət üçün olduqca böyük uğurdur. Digər böyük miqyaslı tədbirlərə qatılmaqla yanaşı, bu il Azərbaycanın ev sahibliyi ilə keçirilən ilk Avropa Oyunları da, öz növbəsində, ölkəmizin "böyük oyunçular" sırasına qoşulmasını şərtləndirən amillərdəndir. Lakin "G20 Sammiti" bu sırada özünün siyasi nüfuzuna və çəkisinə görə xeyli fərqlənir.

Aydındır ki, Azərbaycanın sözügedən tədbirə dəvət olunmasında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsünü və siyasi iradəsini də ayrıca qeyd etmək vacbdir. Lakin Azərbaycanın həm iqtisadi gücü, həm də regiondakı rolu belə bir dəvətin və dəstəyin baş tutmasında əsas faktorlardandır. Azərbaycan Prezidenti İlham Əliyevin həm sammitdəki nitqlərində, həm də sammitin rəsmi saytında dərc edilən "Ümumi strategiyanın formalaşdırılıması" başlıqlı məqaləsində qeyd edildiyi kimi, Azərbaycan 24 illik müstəqilliyi dövründə özünəməxsus inkişaf yolu keçmişdir: "1995-ci ildə ölkədə demokratik normalara cavab verən yeni Konstitusiya qəbul olunmuş, çoxpartiyalı sistem əsasında parlament formalaşdırılmışdır. Bunun ardınca hüquqi dövlət quruculuğu çərçivəsində hakimiyyətlərin bölünməsi və demokratik idarəçilik təmin edilmiş, həyata keçirilən islahatlar nəticəsində liberal iqtisadi sistem formalaşmış, insan hüquqları, plüralizm, söz və məlumat azadlığı, azad internet bərqərar olmuş, vətəndaş cəmiyyəti institutlarının inkişafına hərtərəfli dövlət dəstəyi göstərilmişdir".

"1994-cü ildə Azərbaycanın təşəbbüsü ilə dünyanın qabaqcıl ölkələrini təmsil edən şirkətlərlə Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına ixracı sahəsində "Əsrin kontraktı" imzalanmış, sonrakı mərhələdə isə Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri kimi nəhəng enerji layihələri reallaşdırılmışdır. Bu layihələr həm dünya iqtisadiyyatı, həm də Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşımış, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynamışdır" - deyə qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Burada "Cənub" qaz dəhlizi, TANAP və TAP kimi transmilli qaz ixracı layihələri kimi nəhəng layihələri də vurğulamaq lazımdır. "Şahdəniz 2" layihəsinin işlənməsi və Xəzər hövzəsinin zəngin təbii qaz yataqlarının dövriyyəyə buraxılması gələcəkdə ölkəmizin böyük qaz ixracatçısı olacağına təminat verməklə yanaşı, həm Azərbaycanın bundan sonrakı dövrdə davamlı inkişafını təmin edəcək, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır.

Etiraf olunmalıdır ki, Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində də böyük uğurlara imza atmaqdadır. Bakı Beynəlxalq Dəniz Limanı, müasir beynəlxalq hava nəqliyyatı sistemi və bu il istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Avropa-Asiya əlaqələrinin mərkəzi ölkəsinə çevrilməsində əhəmiyyətli rola malikdir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işləri də buraya əlavə etsək, Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsində oynayacağı rolu təsəvvür etmək çətin deyil.

Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsini və artan gücünü nümayiş etdirən bir sıra statistik göstəricilərə nəzər salmaq ölkəmizin beynəlxalq statusunu müəyyənləşdirən faktorların zəruri şərtlərini bir daha təcəssüm etdirir. Belə ki, yürüdülən səmərəli siyasət nəticəsində son 12 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə artmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq isə 5 faizə enmişdir.

Bir sözlə, Azərbaycan regionun əsas iqtisadi-siyasi güc mərkəzi kimi beynəlxalq proseslərdə aktiv rolunu oynayır. Bu da, ona dəlalət edir ki, Azərbaycanın Avrasiya məkanında yeri və rolu bundan sonra xüsusi əhəmiyyət kəsb edəcəkdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər