PDF Oxu

İqtisadiyyat

  • 30

Elektron viza sisteminin tətbiqi Azərbaycan turizmində yeni bir səhifədir

Elektron viza sisteminin tətbiqi Azərbaycan turizmində yeni bir səhifədir

İstər qədim dövrlərdə, istərsə də sovet məkanında yaşadığımız zamanda Azərbaycan təbiəti, təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə xarici vətəndaşların diqqətində olub. Bu gün beynəlxalq aləmin dövlətimizə olan marağının miqyası daha da genişlənmiş, ölkəmizə turist axını artmışdır. Bu sahədə əldə olunan nailiyyətlər, həyata keçirilən dövlət proqramları, layihələr turizm sahəsində böyük uğurlara səbəb olub. Azərbaycanda turizm sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilir.

Azərbaycan Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, turizm sektoruna da ayırdığı diqqətin nətcəsi olaraq turizm yeni inkişaf mərhələsindədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" eləcə də, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsinə və turizm sahəsinin daha da inkişaf etdirilməsinə müsbət təsirini göstərdi. Müasir dövrümüzdə ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsi təmin edilir.

Turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutduğundan, Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması davamlı olaraq həyata keçirilir. Belə ki, turizm sahəsində normativ-hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi bu sahənin inkişafında mühüm rol oynayır.

Azərbaycanda turizmin inkişafı üçün verilən kreditlər, ayrılan vəsait və bu kimi imkanlar dövlətin turizm sahəsinə olan diqqətinin bariz nümunəsidir. Bütün bunlar Azərbaycana turist axınının güclənməsinə təsirini göstərir. Ölkəyə turist axınının gücləndirilməsi üçün vacib şərtlərdən biri də viza rejiminin sadələşdirilməsidir. Əcnəbi vətəndaşların ölkəmizə daha rahat şəkildə gəlməsi üçün bu sahədə müvafiq tədbirlər görülür. "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamına uyğun olaraq 2013-cü ilin 15 mart tarixindən ölkəmizə turizm məqsədilə gələn turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Həmçinin, Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib. Sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza hüququnu əldə etmək üçün ölkənin turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir. Yeni akkreditasiya qaydalarına uyğun olaraq, əsasən, gəlmə turizmi ilə məşğul olan 40-a qədər turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək, elektron turist vizası vermək hüququ verilib və bu proses davam edir.

Hər bir turist yerli elektron viza verən turizm şirkətinə elektron müraciət edir. Təqdim olunmuş sorğu Xarici İşlər Nazirliyinə təqdim olunur və bu sorğulara 10 gün müddətində cavab verilir. Bu elektron vizalar 30 gün müddətində etibarlıdır və onun qiyməti 20 ABŞ dolları həcmindədir.

Sözsüz ki, elektron viza sisteminin tətbiqi ilə Azərbaycan turizmində yeni bir səhifə açıldı. Bu sistem turistlərin rahatlığını təmin etdiyi üçün elektron viza ilə bağlı müraciət edənlərin sayı da artır. Bu isə Azərbaycana gəlməkdə maraqlı olanların çoxluğundan xəbər verir.

Bununla yanaşı, korrupsiya ilə mübarizə ölkədə fəaliyyət göstərən hotellərin daha sərbəst işləməsinə şərait yaradıb. Görülən işlər artıq Azərbaycan turizminin dünya miqyasında rəqabət apara biləcək bir şəkildə qurulmasından xəbər verir.

NƏZAKƏT

Digər xəbərlər