PDF Oxu

İqtisadiyyat

  • 25

Əhalinin su təminatında yenilik

Əhalinin su təminatında yenilik

Prezidentin imzaladığı Sərəncama əsasən Azərbaycanın 40 şəhər və rayonunda suvarma suyu və içməli suya olan tələbat ödəniləcək

Məlum olduğu kimi, dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir: "Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində ilkin mərhələdə 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmiş, 198 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 35 şəhər və rayon üzrə əhalisi 1,1 milyon nəfərə yaxın olan 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır".

Həmçinin, Sərəncamda qeyd olunur ki, əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılsın.

Regionların inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də dünyada baş verən qlobal maliyyə böhranı fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi reallaşdırılıb. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.

Bu gün paytaxtda və respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır. Həyata keçirilən dövlət proqramları regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm tədbirləri özündə birləşdirir. Qeyd etmək lazımdır ki, çoxsaylı infrastruktur layihələri və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün həm də güclü baza formalaşdırılıb.

Əhalinin içməli su probleminin həllinə nail olunması tarixi əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin qarşıya qoyduğu sosial hədəflərdən biri də respublikada əhalinin içməli suya olan tələbatının yüksək səviyyədə ödənilməsi ilə bağlıdır. Dövlət başçısı "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə reallaşdırılan su layihələrini tarixi hadisə kimi səciyyələndirərək deyib: "Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir".

Prezident bütün çıxışlarında bildirir ki, bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır: "Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır. İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli sudur. Biz bunu həll edirik. İkinci əsas şərt təmiz havadır. Bunu da həll edirik... Yenə də deyirəm, Azərbaycanda son vaxtlar ərzində güclü sosial siyasət sayəsində insanların ömrünün uzunluğu artır. Bu, gözəl göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya keçirilir, milyonlarla insan bütün ölkə üzrə pulsuz müayinədən keçir və onlar müalicə edilir. İçməli su, təmiz hava, sağlam ərzaq məhsulları, sağlam qida - bizim prioritetlərimiz bax, bunlardır. Ona görə, bu, çox böyük sosial layihədir, çox böyük infrastruktur layihəsidir və biz bunu icra edirik. Mən çox şadam ki, bu gün Azərbaycan bu istiqamətdə də dünyada birincidir".

Göründüyü kimi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasi kursu bütün sahələrdə inamla davam etdirən ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Beləliklə, bir daha əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər