Ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 100-dür
Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini özündə ehtiva edir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Paytaxtımızdakı Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindən biridir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. "Baku Kristal Hall"un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Bəli, dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar salınıb. Aparılan quruculuq və abadlıq işləri sayəsində paytaxt Bakı tədricən öz görkəmini dəyişərək dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirib.
"Böyük Bakının regional inkişaf planı"na əsasən, 2030-cu ilə qədər Dənizkənarı Milli Parkın uzunluğunun 33 kilometrə çatdırılmasını nəzərdə tutur. Bu reallıqlar və gördüklərimiz Bakı Bulvarının dünyanın seçilən və istirahət üçün nəzərdə tutulan ən möhtəşəm məkanı olduğunu təsdiqləyir.
Bəli, Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısına daxil edilib. Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Bu möhtəşəmliyin məntiqi nəticəsidir ki, son illər Bakıda bir-birinin ardınca müxtəlif məzmunlu beynəlxalq tədbirlər keçirilir. Keçirilən beynəlxalq idman yarışlarını xüsusi olaraq qeyd etməliyik. Təbii ki, Olimpiya ailəsi tərəfindən ölkəmizə qarşı yaranan inam, məhz bu və ya digər idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində yüksək səviyyədə keçirilməsindən qaynaqlanır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə olan inam hissinin təzahürü idi. Artıq qürurla deyə bilirik ki, bu gün ölkəmizə gələn qonaqları və iştirakçıları qarşılamaq üçün aparıcı brend otellərin fəaliyyət göstərməsi də istisna deyildi. Etiraf edək ki, Avropanın ən müasir turizm şəhərləri paytaxtımızla rəqabətdədir. Bu gün Azərbaycanda turizm sahəsində dövlət siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur və bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkandır. İnşa olunan otellər, yüksək standartlara uyğun xidmətin göstərilməsi diqqətdədir. Azərbaycan saysız turistləri qarşılamaq və lazımı səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" - dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Ölkəmizdə belə hotellərin sayı durmadan artır. Təkcə 2015-ci il ərzində 57 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilib. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 100-dür. Onların 68-i Bakı şəhərində, 32-si isə respublikamızın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 25-i beş ulduz, 53-ü dörd ulduz, 20-i üç ulduz, 2-i isə iki ulduz kateqoriyasına uyğundur.
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara tam cavab verir. Qeyd edək ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir. Təbii ki, belə hotellər Azərbaycana gələn qonaqları yüksək səviyyədə qarşılamağa və rahatlıqlarının təminatına töhfəsini verir.
NƏZAKƏT
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...