PDF Oxu

İqtisadiyyat

  • 21

Azərbaycanda turizm sahəsində yaradılan imkanlar dünya səviyyəsindədir

Azərbaycanda turizm sahəsində yaradılan imkanlar dünya səviyyəsindədir

İlham Əliyev: "Ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir"

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrə olduğu kimi, turizmin inkişafına da xüsusi diqqət ayrılıb. Ötən əsrin 90-cı illərinin sonunda turizmin inkişafı ölkənin ali qanunvericilik aktlarında əksini tapıb ki, bu da tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub. Ötən əsrin 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında əksini tapdı. Belə ki, Azərbaycanda turizm sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilməyə başlandı. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.

Turizm sahəsində çoxtərəfli əməkdaşlıq üzrə ən mühüm təşkilatlardan biri olan Ümumdünya Turizm Təşkilatı beynəlxalq sülhün, qarşılıqlı anlaşmanın, iqtisadi inkişafın təmin edilməsində mühüm faktor olan turizmi inkişaf etdirir. Azərbaycan 2001-ci ildə təşkilata üzv oldu. Təşkitlatın xətti ilə Bakıda seminarlar keçirilməyə başlandı.

Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndərin məqsədyönlü fəaliyyətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsi olaraq uğurlar əldə edildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi. "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair" Dövlət Proqramının, 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası dövlət tərəfindən turizmin inkişafına verilən dəstəyin göstəricisidir.

"SABİTLİK, GƏLƏCƏYƏ İNAM VƏ DÜZGÜN SİYASƏT BU GÜN AZƏRBAYCANIN İNKİŞAFINI ŞƏRTLƏNDİRİR"

Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturun yaradılması sahəsində məqsədyönlü işlər görülür. Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir.

Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi gəlirlərin artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü göstərir. Eyni zamanda, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində böyük irəliləyişlər əldə olunub. Hazırda bölgələrdə ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında - Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə, bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər". Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir.

Əgər Azərbaycan əvvəllər daha çox neftə, qaza görə tanınırdısa, bu gün həm də turizm ölkəsi olaraq tanınır. Ölkəmizdə turizmin inkişafı üçün bütün imkanlar vardır. Gözəl təbiəti, gözəl havası olmaqla yanaşı, ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir. Dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf edir və ölkəmizin turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Təbii ki, ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Dövlət başçısının çıxışlarını birində bildirib ki, hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkənin mütləq turizmi inkişaf etdirməlidir: "Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur".

ÖLKƏMİZDƏ MÜALİCƏ-SAĞLAMLIQ TURİZMİNİN İNKİŞAFI ÜÇÜN TƏBİİ EHTİYATLAR MÖVCUDDUR

Dünya təcrübəsində müalicəvi əhəmiyyəti olan və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Ölkəmizdə də müalicə-sağlamlıq turizminin inkişafı üçün də təbii ehtiyatlar baxımından hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıqları və suları, Lənkəranın, Gədəbəyin mineral suları və s. Azərbaycanının səhiyyə turizminin geniş şəkildə dünya məkanına çıxarılmasında əsas faktorlardır. Palçıq vulkanları ərazilərinin böyük turizm potensialı var. Ölkəmizdə dünyada yayılmış bütün növ vulkanlara - aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neytral, ada, sualtı və s. növlərə rast gəlmək mümkündür. Azərbaycan ərazisində bu sayda palçıq vulkanının qeydə alınması ölkəmizin böyük təbii sərvətidir. Palçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Müasir dövrümüzdə dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir, müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreasiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək milyonlarla gəlir əldə edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizin turizm potensialının inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətlərində çoxsaylı tədbirlər davam etdirilir. Görüləsi işlər hələ də var. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı çıxışı zamanı bu sahədə artıq kifayət qədər böyük işlər görüldüyünü bildirib: "Biz dövlət hesabına "Şahdağ" kurort zonasını yaratmışıq... "Şahdağ" mərkəzi, Qəbələ beynəlxalq turizm zonasına çevrilib. İndi Naftalan beynəlxalq kurort şöhrətini özünə qaytarır. Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq, yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik. Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin".

Azərbaycan iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gəlir gətirə biləcək turizmin inkişafı, əlbəttə ki, müəyyən faktorlara əsaslanır. Müasir dövrümüzdə reallıqları nəzərə alaraq qeyd edək ki, qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər