Dünən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayon ictimaiyyətinin nümayəndələri ilə devalvasiya ilə bağlı görüş keçirib. Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı görüşdə çıxış edən rayon rəhbəri Ə.Abıyev bildirib ki, yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlətimizin başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirmişdir: "Prezident İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd etmişdir ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir".
Ə.Abıyev Prezident İlham Əliyevin müşavirədə xüsusi olaraq toxunduğu ərzaq məhsullarının son günlər ölkə ərazisində süni qiymət artımı ilə bağlı tapşırıqlarını da ictimaiyyətin diqqətinə çatdırdı: "Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətlə, mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsində sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz, sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun."
Daşkəsən rayon icra hakimiyyətinin başçısı onu da vurğulayıb ki, rayonumuzda da buğda unu və çörəyin qiymətində artım müşahidə edilmişdir: "Lakin bununla bağlı rayonda xüsusi komissiya yaradılaraq pərakəndə ticarət obyektlərinə aidiyyəti üzrə baxışlar keçirilmiş, maarifləndirmə işləri aparılmış, hüquq-mühafizə orqanlarının iştirakı ilə bu sahədə nəzarət tamamilə təmin olunmuşdur. Bildiyiniz kimi, dünən manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunmuşdur. Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalmış, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşmışdır. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaqdır. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı rayonumuzda da ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Biz daşkəsənlilər olaraq, göstərmiş olduğu bütün diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk".
Ə.Abıyev daha sonra çıxışına davam edərək vurğulamışdır ki, rayonumuzun siması yeniləşir, insanların həyat səviyyəsi yaxşılaşır, bir sözlə, respublikamız formalaşaraq yeniləşmə, modernləşmə dövrünü yaşayır: "Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bügünkü Azərbaycanı 12 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. Birmənalı olaraq bildirmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyev siyasətinə söykənərək Prezident Cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət, sözün həqiqi mənasında, yeni bir müasir Azərbaycanı, yeni bir cəmiyyəti reallığa çevirib".
Ölkəmizin hər yerində olduğu kimi, 2015-ci il Daşkəsən rayonununda da sosial-iqtisadi inkişafında ən uğurlu il olduğunu deyən rayon rəhbəri bildirib ki, məhz bu il Daşkəsən rayonunda tikinti, abadlıq, quruculuq, təmir-bərpa işləri daha böyük vüsət almışdır: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da geniş tikinti, quruculuq, abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər inşa olunur, su, elektrik, qaz təchizatı yaxşılaşdırılır: "Ölkə Prezidenti Cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birlikdə 2014-cü ilin oktyabr ayının 17-də Daşkəsən rayonuna unudulmaz tarixi səfəri bütün daşkəsənlilərin qürurla yaşamaq, yaradıb-qurmaq əzmini misilsiz dərəcədə artırmışdır. Cənab Prezidentimiz Daşkəsən rayonunda bir sıra obyektlərin açılışında iştirak etmişdir. Bu yaxınlarda sizlərin də iştirakı ilə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Qabaqtəpə kəndi ərazisində rayonun 8247 nəfər əhali yaşayan, 11 yaşayış məntəqəsini birləşdirən, bizimlə sərhəd cəbhə bölgəsində, işğal altında olan ərazilərimizə gedən yolda yeni tikilmiş iki ədəd möhtəşəm körpünün təntənəli açılış mərasimi keçirildi. Layihəyə uyğun müasir tələblər səviyyəsində tikilmiş bu körpülərin hər birinin ümumi uzunluğu 28,4 metr, eni 11 metr, avtomobillərin hərəkət hissəsi isə 8 metr təşkil edir. Son aylar ərzində Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının, Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintiləri aparılmış, rayonumuzda təbii fəlakət nəticəsində güclü ziyan dəymiş çoxsaylı çoxmərtəbəli yaşayış və inzibati binaların dam örtükləri əsaslı təmir edilərək yeni dəmir lövhələrlə əvəz olunmuşdur. Bu da əhalinin böyük sevincinə səbəb olmuşdur.
Yola saldığımız ildə Daşkəsən rayonunun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə mavi qazın verilməsinin təntənəli açılışı olmuşdur. Bu qazlaşdırılmanın həyata keçirilməsi 1330 nəfər əhalinin yaşadığı Zağalı, Qazaxyolçular və Qaraqullar kəndləri sakinlərinin fasiləsiz mavi yanacaqla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda, layihə üzrə rayonun digər yaşayış məntəqələrinə də təbii qaz xəttinin çəkilişi davam etdiriləcəkdir. Yola saldığımız 2015-ci il rayonumuzun ictimai-siyasi həyatında da mühüm əlamətdar hadisələrlə yadda qalmışdır. Daşkəsənlilər ölkəmizdə gedən ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, yüksək nailiyyətlər qazanmışlar. Belə ki, 2015-ci ilin may ayının 16-da Birinci Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna gətirilmişdir. Rayon əhalisinin böyük coşqu ilə qatıldığı Birinci Avropa Oyunlarının məşəlinin Qarşılanma və Estafet mərasimləri Bakı Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş və qərb regionunda yeganə olaraq Daşkəsən rayonu Birinci Avropa Oyunlarının "Xatirə" medalı ilə təltif edilmişdir.
Həmçinin, görüşdə o da bildirildi ki, ötən ilin 16 noyabr-1 dekabr tarixlərində "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi və bir neçə xəbər portalı tərəfindən "İLİN BAŞÇISI" sorğusu keçirilmişdir. Daşkəsən rayonu bütün ictimai-siyasi hadisələrdə daima zirvələrdə olduğu kimi, bu sorğuda da birinciliyi əldən verməyərək Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev "İLİN BAŞÇISI" seçilmişdir. Bu da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında son illər rayonda aparılan düşünülmüş sosial-iqtisadi, ictimai-siyasi tədbirlərin uğurlu icrası nəticəsində əldə olunmuşdur.
Görüşdə rayon ictimaiyyətinin nümayəndələrindən Xudayar Ələkbərov, Eyvaz Əliyev, YAP rayon təşkilatının sədri Meydanəli Yolçuyev və digərləri çıxış edərək ölkəmizin nüfuzunun beynəlxalq aləmdə getdikcə artmasına, mövqelərinin möhkəmlənməsinə, dinamik inkişafın davam etdirilməsinə toxunaraq , ölkədə sabitliyin qorunub saxlanmasına və son günlər, xüsusilə buğda unu və çörəyin qiymətindəki süni artımının qarşısının alınması üçün həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərinin ətrafında bundan sonra da daha sıx birləşəcəklərini və qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirəcəklərini ifadə ediblər.
R.KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...