Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda iqtisadiyyat naziri Şahin Mustafayev və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da iştirak ediblər.İclasda 7 məsələ müzakirə olunub. Gündəlikdə "Əmanətlərin sığortalanması haqqında" Qanunda dəyişikliklər edilməsi, "Əmanətlərin tam sığortalanması haqqında", Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Valyuta tənzimi" haqqında Qanunda dəyişikliklər edilməsi haqqında, "Dövlət satınalmaları haqqında" Qanunda dəyişikliklər edilməsi haqqında, "Gömrük tarifi haqqında" Qanunda dəyişikliklər edilməsi haqqında və Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri yer alıb.Mərkəzi Bankın İdarə Heyətinin sədri E.Rüstəmov çıxış edərək "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsi və digər təklif olunan sənədlər barədə fikirlərini bildirib. Qeyd edib ki, Azərbaycanda 6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq. Vurğulayıb ki, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur: "MDB ölkələrində belə bir qanun tətbiq olunmasa da, 2008-ci ildə dünyada yaşanan və hələ də davam edən ağır maliyyə-iqtisadi böhranla əlaqədar onlarla inkişaf etmiş ölkə belə bir addıma gedib, bu yöndə müvafiq qanun qəbul edib. Ona görə biz də belə bir qanun layihəsinin hazırlanması və qəbul olunması yoluna üstünlük verdik. Ümumiyyətlə, bu, müvəqqəti qanundur. Daha doğrusu, bank sektorunda müəyyən problemlər yaransa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq. Onu da deyim ki, bu sənədin qəbulu ilə Azərbaycandakı bütün əmənətçilərin əmanətləri tam sığortalanacaq. Bu, dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı addımdır".E.Rüstəmov deyib ki, bu ilin fevralın 1-dən etibarən əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq. Bildirib ki, indiki dövrdə əhalinin əmanətləri onların ən mühüm qazanc mənbələrindən biridir.Onun sözlərinə görə, statistikaya əsasən, Azərbaycan əhalisi il ərzində əmanətlərdən 500 milyon əldə edir və "Əmanətlərin sığortalanması haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin qəbulundan sonra əhalinin əmanətlərdən gəliri daha da sabitləşəcək: "Bildiyiniz kimi, əhalinin əmanətlərindən vergi tutulması məsələsi güzəşti 2015-ci ilə qədər qüvvədə idi. 2015-ci ildə bu güzəşt ləğv olunub və artıq yenidən tətbiq olunmağa başlayacaq. Bu da rezident və qeyri-rezident əmanətçiləri əhatə edəcək. İlkin rəqəmlərə görə, əhalinin bütövlükdə 9,5 milyard manat əmanəti var və bu əmanətdən onlar 93 milyon manat gəlir əldə edirlər. Güzəştin tətbiqi 93 milyon manat gəlirin əmanətçilərin sərəncamında qalmasına imkan verəcək. Bu vəsait dövlət büdcəsi hesabına əhaliyə geri qaytarılacaq".O qeyd edib ki, "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində valyuta və kapital hərəkəti əhəmiyyətli dərəcədə liberallaşdırılacaq: "Bu qanun layihəsi dünyanın bir çox ölkələrində tətbiq edilən təcrübədir. Layihə kapital və valyutanın hərəkətinin liberallaşdırılmasına əsaslanır. Kapitalın və valyutanın hərəkətinin liberallaşdırılması o deməkdir ki, ölkəyə kapital axını liberallaşdırılır. Kapital və valyuta hərəkətinə tam qadağa da qoymaq olardı. Bu, o demək idi ki, ölkəyə kapital axını da qəbul edilməsin. Sadəcə biz bu qanun layihəsinə görə, ölkədən kapital çıxarılması məsələsində yığım tətbiq etdik. Məsələn, bunlardan biri birbaşa xaricə investisiyalar, əmlakın alınması və xaricdə hesabların açılmasıdır. Bu qanun layihəsində valyuta və kapitalın hərəkətinə tam qadağa tətbiq edilməyib. Lakin insanlar təhsil, səhiyyə xərcləri ilə bağlı müvafiq sənədləri təqdim etməklə banklar tərəfindən bu proses tənzimlənəcək. Burada 20%-lik yığım tətbiq olunacaq. "Valyuta tənzimi haqqında" qanun layihəsi valyuta və kapital hərəkətini tam qadağan etmir, sadəcə bu proseslər iqtisadi metodla tənzimlənir".İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, təklif olunan sənədlər Azərbaycan vətəndaşlarının hüquqlarının qorumasını nəzərdə tutan layihələrdir. O qeyd edib ki, "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması haqqında" Sərəncam imzalanıb. Bildirib ki, bu Sərəncama əsasən qeyri-neft ixracının subsidiyalaşdırılması mexanizmi hazırlanacaq: "Artıq Prezident müvafiq Sərəncamla Nazirlər Kabinetinə tapışırıq verib. Azərbaycanda milli brendin yaradılması, qeyri-neft ixracının təşviqi və bu prosesdə dövlətin birbaşa iştirakı nəzərdə tutulur. Bununla da ölkədə qeyri-neft ixracının stimullaşdırılmasına nail olacağıq".Nazir deyib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə 1 il və yaxud 1 il yarım ərzində icra olunmalıdır: "Nəticədə 15 minə yaxın yeni iş yeri açılmalıdır. İqtisadi aktivlik yüksəlməlidir. Layihə xərclərinin azalması nəticəsində Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artmalıdır. Dövlət satınalmalarında yerli istehsalın payı artmalıdır. Bununla da daxili istehsalı qorumuş olacağıq".Daha sonra millət vəkilləri gündəlikdə olan məsələləri müzakirə ediblər və qanun layihələri Parlamentin növbədənkənar plenar iclasına tövsiyə edilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...