PDF Oxu

İqtisadiyyat

  • 20

Sənaye avadanlıqlarının istehsalı zavodu tikilir

Sənaye avadanlıqlarının istehsalı zavodu tikilir

Yanvarın 19-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rəqabətqabiliyyətli sənaye avadanlıqlarının istehsalı zavodunun yaradılması layihəsinin təqdimatı keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. Qeyd olunub ki, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı davamlı olaraq artır. Bunun nəticəsidir ki, ötən il ölkəmizdə sənaye istehsalı 2,4%, qeyri-neft sənayesi isə 8,4% artıb. Dünyadakı mürəkkəb siyasi-iqtisadi proseslərə baxmayaraq, ölkəmizdə mövcud olan əlverişli biznes mühiti və sahibkarlara göstərilən dəstək nəticəsində Azərbaycanda rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr yaradılır.

Belə layihələrdən biri də Qaradağ Metal Konstruksiyalar Zavodu ("AzeriSteel") tərəfindən tikiləcək rəqabətqabiliyyətli sənaye avadanlıqlarının istehsalı zavodudur. Layihə çərçivəsində qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar (istilik mübadilə qurğuları, reaktorlar, kristallizatorlar, distilyasiya kolonları, çənlər, təzyiq altında işləyən avadanlıqlar və s.) istehsal ediləcək. Zavodun dəyəri təqribən 32 mln. avrodur. Layihə çərçivəsində 700-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın bu sahədə böyük təcrübəyə malik olan "EPC Group" şirkəti tərəfindən həyata keçirilir. "EPC Group" zavodun fəaliyyəti dövründə də müəssisəyə texnoloji dəstək göstərəcək.

sia.az

Digər xəbərlər