Vüqar Bayramlı: "Özəlləşdirmə Azərbaycan iqtisadiyyatının sağlamlaşdırılması və şəffaf keçirilməsi baxımından olduqca vacib və əhəmiyyətlidir"
Məlum olduğu kimi, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə bildirib ki, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bununla bağlı müvafiq göstərişlər verən ölkə başçısı deyib ki, proqram tam şəffaf həyata keçirilməli, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaradılmalıdır ki, onlar böyük maraq və həvəslə vəsait qoysunlar.
İqtisadçı-ekspertlər indiki durumda özəlləşdirmə aparılması ilə bağlı addımlar atılmasının vacibliyini vurğulamaqla yanaşı, bildirirlər ki, bu proses iqtisadi cəhətdən önəmli olmaqla, həm də çevik idarəetmə sisteminin formalaşmasına gətirib çıxaracaq.
İqtisadçı-ekspert Vüqar Bayramlı "SƏS" qəzetinə verdiyi açıqlamasında özəlləşdirmənin ölkə iqtisadiyyatına verdiyi uğurul nəticələr, özəlləşdiriləcək sahələr, ümumilikdə özəlləşdirmə nəticəsində büdcəyə daxil olan vəsaitin artımı barədə məlumat verdi: "Özəlləşdirmənin ölkəyə birmənalı şəkildə investisiyaların cəlb edilməsi baxımından çox vacibdir. Özəlləşdirmənin böyük bir qismi, o cümlədən kommunal xidmətlər, nəqliyyat, rabitə və digər xidmət sektorları aparıcı məsələrdəndir ki, onların da özəlləşdirilməsi imkan verəcək ki, hökumət məhz bu özəlləşdirmə ilə xarici sərmayəni qəbul etmək imkanına malik olsun. Çünki indiki dövrdə valyutaya ehtiyac var. Qeyd edim ki, dövlət başçıs sözügedən müşavirədə də xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsinin əhəmiyyətindən danışdı. Eyni zamanda, xarici investorların özəlləşdirmə prosesində iştirakının artırılmasında marağın yaradılması, fəaliyyətin həyata keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Məqsəd yalnız yerli deyil, həm də xarici investorların cəlb edilməsi yolu ilə ölkəyə valyuta axınına nail olmaqdan ibarətdir. Çünki ölkəyə valyuta axınının olmasına ehtiyac var. Valyuta axını isə birbaşa xarici investorların ölkəyə daxil olması ilə mümkündür".
V.Bayramlının sözlərinə görə, ikinci əsas məqsəd özəlləşdirmə müəssisələr dövlət yardımlarının kəsilməsi və ya azaldılması, nəticədə, dövlət vəsaitlərinə qənaət edilməsindən ibarətdir: "Nəzərə alsaq ki, bu gün özəlləşməsi gözlənilən müəssisələr, o cümlədən enerji sektoru və kommunal xidmətlərlə bağlı özəlləşdirmələr böyük effekt verəcək. Qeyd etmək istərdim ki, "Azərenerji"nin səhmlərinin mərhələli özəlləşdirilməsi mümkündür. Çünki bu, vəsait cəlb etmək imkanlarına malikdir. Eyni zamanda, kommunal xidmətlərin, o cümlədən "Azərsu"nun özəlləşdirilməsinə ehtiyac var. Çünki kommunal xidmətlərin göstərilməsində, xüsusilə bu ilin qış aylarında problemlər müşahidə olundu. Bu da birbaşa idarəetmənin çevik olmadığını göstərdi. Bu baxımdan, idarəetmədə çeviklik yaratmaq üçün bu sektorlarda da özəlləşdirmənin aparılmasına ehtiyac var. Bununla yanaşı, rabitə sektorunda fəaliyyət göstərən bəzi dövlət şirkətlərinin özəlləşdirilməsi də mümkündür.
Özəlləşdirilməsi vacib olanlardan biri də "Azərbaycan Hava Yolları"dır (AZAL) ki, onun da səhmlərinin ən azı 49 faizinin özəlləşdirilməsi və satılmasını təklif etmişdik. Çünki bu, vəsait əldə etmək cəhətdən vacib olmaqla yanaşı, eyni zamanda xarici investorları bu tip şirkətlərin özəlləşdirilməsinə cəlb etmək asandır. Həm də bu, korporativ idarəetmə sisteminin formalaşdırılmasına kömək etmiş olacaq. Ümumilikdə, sözügedən müəssisələrin özəlləşdirilməsi büdcə vəsaitlərinə qənaət edilməsinə imkan verəcək. Çünki AZAL-la bağlı ən ciddi məsələlərdən biri xərclərin yüksək olması və korporativ idarəetmə sisteminin formalaşdırılmaması ilə bağlıdır. Özəlləşdirmə daha yaxşı idarəetmə sisteminin formalaşmasına imkan verə bilər".
V.Bayramlı özəlləşmənin ücüncü məqsədini açıqlayarkən bildirdi ki, daha çevik idarəetmənin formalaşmasından ibarətdir: "Xüsusilə, özəlləşməyə çıxarılan sektorlarda şəffaflıq tam olaraq təmin olunmurdu, korrupsiya halları var idi. Beləliklə də, sektorların özəlləşdirmə prosesini həyata keçirməklə daha çevik idarəetmə sisteminin formalaşmasına nail olmaq və qərarların verilməsi prosedurlarının şəffaflaşdırılmasını həyata keçirmək mümkündür. Bu baxımdan, əslində özəlləşdirmə prosesinə yalnız dövlət mülkiyyətinin özəl mülkiyyətə keçməsi kimi baxmaq düzgün olmazdı. Çünki bu, həm də qeyd etdiyim üç əsas məqsədi ehtiva edir.
Beləliklə də, özələşdirmə Azərbaycan iqtisadiyyatının sağlamlaşdırılması və şəffaf keçirilməsi baxımından olduqca vacib və əhəmiyyətlidir". V.Bayramlı sonda onu da qeyd etdi ki, mövcud mülkiyyət növlərinə baxsaq, qeyd etdiyimiz sektorla yanaşı, özəlləşdirmənin aparılması ilə bağlı xeyli imkanlar və şirkətlər var. Onların özəlləşdirməyə açılması birmənalı şəkildə imkan verəcək ki, həm valyutaya olan tələbatın ödənilməsində yeni mənbə əldə etmək mümkün olsun, həm də təbii ki, bu, iqtisadi aktivliyə şərait yaradacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...