"Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" neft və qazçıxarma idarəsində (NQÇİ) 1 və 4 nömrəli neft və qazçıxarma sexi üzrə lay məhsullarının yığım-nəql sistemləri tikilib, sahə abadlaşdırılaraq neftçilərin istifadəsinə verilib.SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azneft" İstehsalat Birliyində infrastruktur imkanlarının genişləndirilməsi məqsədilə layihələr icra olunur, ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür. NQÇİ-nin 1 nömrəli sexində 289 ədəd istismar quyusuna qapalı üsulla xidmət göstərilməsi təmin olunub, aqreqat meydançası və qəbul körpüsü quraşdırılıb, bütün quyulara yollar çəkilib və ətraf ərazi abadlaşdırılıb. Mancanaq dəzgahlarının enerji təchizatı tamamilə dəyişdirilib, yeni kabel xətləri çəkilib və ərazidə 6 ədəd paylayıcı qurğu inşa edilib.İdarənin 4 nömrəli sexinin lay məhsullarının yığım-nəql sisteminin inşası çərçivəsində isə 6 ədəd qaz-ölçü qovşağı quraşdırılıb, bu ölçü qovşaqlarını əlaqələndirən 4 və 6 düyümlü kollektorlar çəkilib. Qaz-ölçü qovşaqlarının ətrafı abadlaşdırılıb, yollar çəkilib, qaz separatorları sınaqdan keçirilərək mədənçilərin istifadəsinə verilib.Lay məhsullarının yeni yaradılan yığım-nəql sistemləri sızmaların və neft itkilərinin qarşısının alınmasında, yeni paylayıcı qurğular isə obyektin elektrik enerjisi ilə fasiləsiz təminatında mühüm rol oynayacaq.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...