Lənkəranda rayon sakinlərinin dövlətin antiböhran tədbirləri ilə bağlı məlumatlandırılması çərçivəsində yaşayış məntəqələrində görüşlər davam etdirilir. Bu gün rayonun Balıqçılar qəsəbəsində keçirilən görüşdə şəhər icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, yerli sahibkarlar və qəsəbə sakinləri iştirak ediblər.
Görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, dünyada hökm sürən iqtisadi böhran Azərbaycana da mənfi təsirini göstərib.
Prezident İlham Əliyevin həyata keçirdiyi antiböhran tədbirlərinin Lənkəranda əhali tərəfindən razılıqla qarşılandığını vurğulayan T.Qaraşov qeyd edib ki, dövlətimizin başçısı süni qiymət artımının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görür, bu məqsədlə müvafiq sərəncamlar imzalayır.
T.Qaraşov çıxışında Lənkəran rayonunda əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni sitrus bağlarının, çay plantasiyalarının salınacağını, boş qalmış əkinəyararlı torpaq sahələrinin birləşdirilərək fermer təsərrüfatlarının yaradılacağını bildirib, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə uzunmüddətli kreditlər götürməklə bu torpaqlarda tərəvəzçiliyi, çəltikçiliyi bərpa etməyin mümkün olduğunu deyib.
Kənd və qəsəbələrdə mövcud potensialın hərəkətə gətirilməsinin, ondan düzgün istifadə edilməsinin vacibliyini vurğulayan T.Qaraşov, Balıqçılar qəsəbəsində də üzümçülük və balıqçılıq kimi əməktutumlu sahələrin inkişaf etdirilməsinin yerli əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə qəsəbə ağsaqqalları və ziyalılar çıxış edərək, Prezident İlham Əliyevin siyasətini, dövlətimizin başçısının həyata keçirdiyi antiböhran tədbirlərini dəstəklədiklərini bildirib, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun asfaltlaşdırılmasına, qəsəbənin təbii qazla təmin olunmasına, əməkhaqlarının, pensiyaların və müavinətlərin artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, qəsəbənin sosial-iqtisadi inkişafı ilə bağlı təkliflərini veriblər.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...