Muxtar respublikada "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqı tərəfindən yaradılan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafında mühüm rol oynayıb. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat tam ödənilib, idxaldan asılılıq aradan qaldırılıb.AZƏRTAC xəbər verir ki, müəssisədə istehsal edilən qarışıq qüvvəli yem ilk vaxtlar muxtar respublikada bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi üçün dövlət maliyyə dəstəyi ilə qısa zaman ərzində yeni müəssisə yaradılıb. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılıb. Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradılıb, bu sahədə məhsul istehsalı artımına nail olunub. Naxçıvanda fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal edilən qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını alıb.İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə keyfiyyətli məhsul istehsalı həyata keçirilir. Qarışıq yem istehsalı sahəsində xammal kimi taxıl emalı müəssisəsində istehsal zamanı əldə olunan yarımfabrikatlardan da istifadə olunur. Ayrı-ayrı mərhələlərdən keçməklə hazırlanan 4 çeşiddə məhsul 50 kiloqramlıq kisələrdə "Bərəkət" əmtəə nişanı ilə satışa çıxarılır.Heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması və ildən-ilə genişləndirilməsi qarışıq yemə olan tələbatın daha da artmasına səbəb olub. Şərur rayonunda gündəlik istehsal gücü 10 ton olan qarışıq yem və Culfa rayonunda gündəlik istehsal gücü 500 kiloqram olan yem istehsalı sahələri fəaliyyətə başlayıb.Hazırda "Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gündəlik istehsal gücü 10 ton olan qarışıq yem istehsalı sahəsinin yaradılması davam etdirilir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...