Bu fikir Səbail rayon icra hakimiyyətinin 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağında səslənib
Dünən Səbail rayon icra hakimiyyətinin 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat verərək, ötən il ərzində rayonda görülən işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıbdır. Qeyd olunub ki, ötən il dünya bazarlarında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə, bir çox dövlətlərin milli valyutalarının 100 %, bəzi hallarda isə daha çox devalvasiyaya uğramasına baxmayaraq, ötən il Azərbaycan iqtisadiyyatında artım olmuş, ümumi daxili məhsul 1 %-dən çox, sənaye istehsalı 2,4 %, qeyri-neft sənayesi 8,4 % artmışdır: "2015-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuş, bunun yarısı xarici sərmayə olmuşdur. Bu, onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir". E.Əzizov ötən ildə ölkədə baş verən siyasi hadisələr, əldə olunan uğurlar, dövlət başçısının respublikamızda sahibkarlığın inkişafı, bu sahədə törədilər süni maneələr və digər amillərin aradan qaldırıdması, dövlət qurumları və yerli icra strukturları qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Rayon rəhbəri Səbail rayonunda da bu istiqamətdə müvafiq işlərin həyata keçirildiyini, xüsusi qərargahın yaradıldığını qeyd edərək bildirib ki, rayonda fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə onların müraciət və təklifləri dinlənilib, işlərinə mane olan amillərin aradan qaldırılması üçün anonim sorğu keçirilib, RİHBA-da "Qaynar xətt" telefonu yaradılıbdır.
Hesabat yığıncağında 6 saylı orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova çıxış edərək ölkədə həyata keçirilən uğurlu inkişafdan danışıb: "Prezident İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etmək çox vacib məsələdir. Sevindirici haldır ki, dünya şöhrətli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz 6 saylı orta məktəbi bitirmişdir. Bu gün tam surətdə yenidən qurulmuş, təhsil üçün hər cür şərait yaradılmış məktəbin kollektivi bununla fəxr edirlər. Məktəb kollektivinin qərarı ilə bu təhsil ocağında "İlham Əliyev və Azərbaycan - inkişaf və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilməsi ilə bağlı hazırlıq işləri görülür". G.Orucova, həmçinin RİH-in də bu işlərdə onlara dəstək olmasını xahiş etdi.
Tədbirdə rayon icra hakimiüyyəti başçısının müavini Eldar Ağayev 2015-ci il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat verib. Qeyd olunubdur ki, 2015-ci ildə rayonun iri sənaye müəssisələri tərəfindən 15 milyard 068,8 milyon manatlıq məhsul istehsal edilmiş və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % artmış, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 369,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 % çox, rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 133,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 % çox olmuşdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 370,3 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,4 % çoxdur.
E.Ağayev ötən ildə Səbail rayonunda çalışan işçilərin sayının 111371 nəfər, orta aylıq əmək haqqının məbləğinin isə 1141,6 manat olduğunu qeyd edərək bildirib ki, bu da əvvəlki illə müqayisədə 17,2 % çoxdur: "Həmçinin, ötən il Səbail rayonu ərazisində 5839 yeni iş yeri açılmışdır ki, bunlardan 3239-u daimi iş yerləridir. Ümumilikdə, 2003-cü ilin 1 oktyabr tarixindən 1.01.2016-cı il tarixinə kimi Səbail rayonunda 50361 yeni iş yeri açılmışdır ki, bunun da 46893-ü daimi iş yerləridir".
Tədbirdə rayonda görülən abadılıq-quruculuq işləri ilə də bağlı məlumat verilib. Qeyd olunub ki, ötən ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Su İdmanı Sarayının, Bakı İdman Sarayının, "İnturist" mehmanxanasının, Veloparkın, Avropa Oyunları Parkının, Bayılda yeni piyada keçidinin, Daş Salnamə Muzeyinin, Bayıl Bulvarının, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının açılışı olmuş, əsaslı təmirdən sonra 189-190 saylı orta məktəb binası istifadəyə verilmişdir. Ötən il, həmçinin Azərbaycanın birinci xanımı, Avropa Oyunalrı Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın iştirakı ilə Sülh ağacı abidəsinin və Avropa Oyunları ərəfəsində Qonaqpərvərlər Klubunun açılış mərasimləri keçirilibdir. RİH tərəfindən 2015-ci ilin sonundan etibarən Bibiheybət qəsəbəsində "Şıx" ərazisindəki dağ massivində 50 ha sahədə "Ekoloji park"ın yaradılması işlərinə başlanmışdır. Bu işlər çərçivəsində 168 metr hündürlükdə 250 kub. metr tutumlu su rezervuarı quraşdırılıb, suvarma sistemi üçün müxtəlif diametrli 3,7 km uzunluğunda polad və plastik borulardan əsas paylama, 27 km uzunluğunda köməkçi xətlər çəkilib, parkda 100 minə yaxın ağacın əkilməsi nəzərdə tutulubdur. Ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə start götürmüş "Ümumrespublika Yaşıllaşdırma" marafonu layihəsinin ikinci mərhələsi çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı 7 min ədəd yeni ağac, 35 min ədəd dekorativ gül kolu, 5 min kvadrat metr sahədə qazon otu əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilibdir. Görülən işlərlə yanaşı, həmçinin rayon icra hakimiyyəti tərəfindən 100-dən çox tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə RİH-in nümayəndələri iştirak etmişlər.
Hesabat yığıncağında vurğulanıb ki, ötən il il rayonun orta məktəblərini 1481 nəfər bitirmiş, onlardan 989 nəfəri tələbə adını qazanmış, məzunlardan 127 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, 6 məzun qızıl medala, ali məktəblərə qəbul olunan 1 nəfər məzun isə Prezident Təqaüdünə layiq görülübdür. Eyni zamanda, ölkə başçısının tapşırığına uyğun olaraq 2015-ci il fevral ayının 2-dən Səbail rayonunda əhalinin tibbi müayinəsi tədbirlərinin həyata keçirilib, may ayının 1-dək olan müddət ərzində rayon üzrə 66849 nəfər müayinələrdən keçibdir. Müayinələr zamanı 225 nəfər stasionar müalicəyə götürülüb, 13570 nəfərə ambulator müalicə təyin edilibdir.
Hesabağ yığıncağı ilə bağlı zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və təkliflərini bildiriblər. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib və rayon icra hakimiyyətinin ötən ildəki fəaliyyəti "qənaətbəxş" qiymətləndirilibdir.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı Cənab İlham Əliyevə müraciət qəbul olunubdur.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və digər qonaqlar iştirak ediblər.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...