Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inzibati binası Böyük Britaniyanın Tikinti Tədqiqatları və Ətraf Mühitin Qiymətləndirilməsi Metodologiyası İnstitutu (BREEAM) tərəfindən yeni tikili qiymətləndirmə metodologiyası üzrə "Yaxşı" dərəcəsi ilə qiymətləndirilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, BREEAM institutu 1990-cı ildən etibarən bütün dünyada qəbul edilmiş bir neçə metodologiya üzrə bina və layihələrin qiymətləndirilməsini həyata keçirir. Bura yeni tikili, bərpa və yeniləmə, beynəlxalq qeyri-yaşayış və layihələndirmə metodologiyaları daxildir. Yeni tikili qiymətləndirmə metodologiyası bina inşaatının 3 ayrı mərhələsində - ilkin inşaat işləri tamamlanmış, kommunal və texniki xidmətlərlə təchiz edilmiş və ya tam hazır binalarda tətbiq edilə bilər.
2014-cü il dekabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş ARDNF-in yeni inzibati binasının tikintisi zamanı BREEAM qiymətləndirilməsindən keçilməsi öncədən qarşıya qoyulan hədəflərdən biri olub. Binanın inşaatı zamanı BREEAM tərəfindən müəyyən edilən tələblər nəzərə alınıb. ARDNF-in inzibati binası Azərbaycanda BREEAM tərəfindən yeni tikili metodologiyası vasitəsilə tam hazır bina mərhələsində "Yaxşı" dərəcəsi ilə qiymətləşdirilən ilk binadır.
ARDNF-in ikimərtəbəli yeraltı dayanacaqla birlikdə 26 mərtəbəli inzibati binasında 3 mərtəbəli podium, icraçı direktorun ofisinin də yerləşdiyi mərtəbə daxil olmaqla 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə və bununla yanaşı kitabxana, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, yeməkxana və sair mövcuddur.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...