PDF Oxu

İqtisadiyyat

  • 895

Tütünlüyün inkişafı kənd təsərrüfatında prioritet sahəyə çevrilməkdədir

Tütünlüyün inkişafı kənd təsərrüfatında prioritet sahəyə çevrilməkdədir

TEZİS ƏSASINDA

Prezident İlham Əliyev: "Tütünçülük və çayçılıq sahəsini canlandırmalıyıq"

Müstəqilliyinin ilk illərində Azərbaycanda yeni iqtisadi sistemə keçidlə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrindən hesab olunan tütünçülüyün inkişafında müəyyən çətinliklər yaransa da, sonrakı illərdə dövlətimiz tərəfindən aparılan davamlı və sistemli iqtisadi islahatlar nəticəsində bu problemlər tədricən aradan qaldırıldı.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunan və Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında kənd təsərrüfatının digər ənənəvi sahələri kimi, tütünçülüyün inkişafı da prioritet vəzifə olaraq qarşıya qoyulur.

Keçmiş tütünçülər ənənəvi torpaqlarda fermer təsərrüfatları yaradıblar

Digər tərəfdən, o da bəllidir ki, tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitkisi sayılır. Ümumiyyətlə, bir sıra bölgələrimizin iqtisadiyyatında da tütünçülük sahəsi mühüm yer tutur. Son illər dövlətin bu sahəyə diqqətinin artması, tütünçülüyün bərpasına və inkişafına səbəb olub. Məhz bu baxımdan, istər bu sahədə peşəkar mütəxəssislərin, istərsə də tütünçülük sahəsi istiqamətində təsərrüfat yaradan sahibkarların sözlərinə görə, artıq tütünçülüyə böyük maraq yaranıb. Məsələn, Qax rayonunda 2007-ci ildə istifadəyə verilən tütün istehsalı və emalı məntəqəsi də buna bariz nümunədir. Qaxda strateji əhəmiyyətli sahələrdən biri tütünçülüyün inkişafı istiqamətində atılan addımlar nəticəsini verməkdədir. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən tütün istehsalı və emalı məntəqəsi isə 2008-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.

Tütünçülük üzrə ekspertlər də qeyd edirlər ki, rayonlarda inkişaf edən tütünçülükdə ətirli Virciniya növü üstünlük təşkil edir. Qış aylarından başlayaraq yaradılan istixanalarda toxum səpinləri aparılır, alaqtəmizləmə işləri həyata keçirilir. Sonrakı aylardan isə tütünün əkilib-becərilməsi və yığılması proseslərinə start verilir ki, artıq burada müasir avadanlıqlardan istifadə olunmaqdadır.

Onu da xatırlatmaq yerinə düşərdi ki, tütünçülük, əsasən Zaqatala, Qax, Balakən, Şəki, Oğuz eləcə də digər bölgə rayonlarında sahibkarların əsas məşğuliyyətlərindən biri kimi qiymətləndirilməkdədir. Belə ki, bu regionda tütünçülük qədimdən qalan bir təsərrüfat növü hesab olunur. Keçmiş tütünçülər ənənəvi torpaqlarda fermer təsərrüfatları yaradıblar. İstifadəyə verilmiş tütün emalı və istehsalı məntəqələri ilə müqavilə bağlayan təsərrüfatçılar, məhsullarını rahat bir şəkildə yetişdirərək, məntəqəyə təhvil verirlər. Daha bir maraqdoğurucu fakt budur ki,vaxtilə ölkə üzrə istehsal olunan tütünün təxminən 50%-i Zaqatala və Qax rayonlarının payına düşürdü. Bu isə, heç də kiçik rəqəm deyil.

"Çalışmalıyıq ki, böhranlı şəraitdə də iqtisadiyyatımız inkişaf etsin"

Ölkə rəhbəri Cənab İlham Əliyev də daim öz çıxışlarında bildirib ki, respublika iqtisadiyyatının təməlini yalnız neft üzərində qurmaq olmaz. Belə ki, qeyri-neft istehsalı sahəsində də davamlı işlər aparmalı müvafiq dövlət strukturları bu istiqamətdə sahibklarlara dəstəklərini göstərməlidirlər. Xüsusilə, kənd təsərrüfatıının inkişafına daim diqqət ayrılmalıdır: "Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, bu sahədə 6,4 faiz artım olub. Çalışmalıyıq ki, böhranlı şəraitdə də iqtisadiyyatımız inkişaf etsin, 2016-cı ildə yeni iş yerləri, müəssisələr yaradılsın".

Bu baxımdan, ölkə rəhbərimizin kənd təsərrüfatının inkişafı ilə bağlı prioritet sahələri açıqlayarkən deyib ki, prioritetliyin əsas məqsədi Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir.

Ona görə də dövlət rəhbəri 2015-ci ilin kənd təsərrüfatı ili olduğunu deyərkən, əslində hər ilin kənd təsərrüfatı ili kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb: "Əslində isə, hər il kənd təsərrüfatı ili kimi qəbul olunmalıdır. İlk növbədə, torpaq uçotu dəqiq aparılmalıdır. Sənəddə bir sahədir, fermer başqa ölçüdə sahədə işləyir. Düzgün uçot və sənədləşmə aparılmalıdır. Bu il bu istiqamətdə ciddi işlər görülməlidir".

Dövlət başçısı qeyd edib ki, bitkiçilikdə də böyük inkişaf var: "Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq".

Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcəkdir

Ümumiyyətlə, bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılması gözlənilir. Hazırda isə görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcəkdir. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcəkdir.

Bütün bunlar isə, bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaqdır.

Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri də bu sahənin inkişafı istiqamətində əməli tədbirlərini göstərməkdə davam edirlər. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının ənənəvi sahələrin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq, iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə görüşərək mövcud problemlərin aradan qaldırılması üçün real işlər aparmaqdadırlar.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev: "2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcəkdir"

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev tütünçülüyün inkişafı ilə bağlı qeyd edib ki, görüşlərdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə tütünçülüyün inkişafı məsələləri müzakirə edilib: "Tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri toxumun idxal rüsumundan azad edilməsi, tütünçülük sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, tütün istehsalının subsidiyalaşdırılması barədə təkliflərini bildirmiş və bu təkliflər müzakirə olunmuşdur.

Görüşdə vurğulanmışdır ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaqdır. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcəkdir. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcəkdir.

Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla, 8 min nəfərə çatacaqdır".

Həmçinin, bildirilib ki, həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq: "Görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növ yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyi qeyd olunub".

Beləlkilə, son olaraq nəticəyə gəlmək mümkündür ki, tütünçülüyün inkişafı və perspektivləri kifayət qədərdir və bu gün tütünçülüyün inkişafı günün tələbi olduğu üçün dövlət də lazımi tədbirlər planını görməkdə davam edir. Bu isə təbii ki, Azərbaycanda tütünşülüyün inkişafına öz səmərəsini verməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər