Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.AZƏRTAC xəbər verir ki, uzun illər fasilədən sonra bu il Qax Damazlıq İpəkçilik Stansiyasında yenidən barama qurdunun yetişdirilməsinə başlanılıb.Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, aprelin 14-də stansiyada İran İslam Respublikasından tədarük edilmiş 750 qutu barama toxumu inkubasiyaya qoyulub. Aprel 20-də isə Çin Xalq Respublikasından gətirilmiş daha 750 qutu barama toxumu stansiyada inkubasiyaya qoyulacaq. İnkubasiya nəticəsində əldə olunacaq barama qurdları aprelin 27-29-da və mayın 5-7-də müəyyənləşdirilmiş bölgü əsasında bəslənilməsi üçün 25 rayonun kümçülərinə ödənişsiz olaraq paylanılacaq.Müəssisə rəhbərinin dediyinə görə, 1 qutu toxumdan 19 qram barama qurdu əldə olunur. Yaxşı bəslənilərsə, 1 qutudan 50 kiloqram yaş barama istehsal etmək mümkündür. Ümumiyyətlə, bu il respublikamızda 75 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır. Gələcəkdə istehsalın daha da artırılması planlaşdırılır.Xatırladaq ki, bu il istehsalçılara yetişdirdikləri yaş baramanın hər kiloqramı üçün 8 manat ödənilməsi nəzərdə tutulub.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...