"Azərbaycanda təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı vergi dərəcələrinin sərtləşdirilməsi ölkədə kənd təsərrüfatının inkişafına böyük təsir göstərəcək". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.Komitə sədrinin sözlərinə görə, burada əsas məqsəd təyinatı üzrə istifadə edilməyən torpaqların əkilib-becərilməsindən ibarətdir: "Vaxtilə Ulu Öndər Heydər Əliyev, eləcə də bələdiyyə və ya dövlət tərəfindən verilən torpaqlar var ki, onlar zəbt olunub. Ümumilli Lider tərəfindən verilən pulsuz torpaqlar əslində kənd təsərrüfatı məhsullarının əkilməsi üçün verilmişdi. Lakin nədənsə bu torpaqlar əkilmir, alver mənbəyinə çevrilir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidentinin təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı imzaladığı sərəncam çox düzgün qərardır. Bununla əlaqədar Vergi Məcəlləsinə edilən dəyişiklərə görə, istifadə edilməyən 1 hektar torpağa görə 1000 manat cərimə tutulacaq. Bundan əlavə, İnzibati Xətalar və Cinayət Məcəlləsində xüsusi müddəalara görə, torpaqdan təyinatı üzrə istifadə etməyənlərə qarşı cərimə və cəzalar tətbiq edilir".E. İbrahimov qeyd edib ki, hazırda ölkədə 200 min hektar torpaq təyinatı üzrə istifadə edilmir: "Bu torpaqlar dövriyyəyə cəlb olunmalı, kənd təsərrüfatı məhsulları əkilərək ölkənin ərzaq təhlükəsizliyi təmin olunmaqla yanaşı xarici bazarlara çıxış əldə etməliyik. Hesab edirəm ki, bu Ölkə başçısı tərəfindən imzalanan sərəncamdan sonra torpağı olan hər kəs ondan düzgün istifadə etməklə kənd təsərrüfatının inkişafına xidmət göstərəcək".Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanın Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunun tətbiq edilməsinə dair sərəncam imzalayıb.Dəyişikliklərə əsasən, dəyişikliklər təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsinin torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini və dövlət büdcəsinə ödənilməsini nəzərdə tutur.Bundan başqa, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisi dərəcəsinin 1 şərti bal üçün 0,06 manat müəyyən edilməsini və yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsini nəzərdə tutur.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...