PDF Oxu

İqtisadiyyat

  • 666

Naxçıvanda yeni istehsal sahələrinin yaradılması əcnəbi işçi miqrantlarının sayının artmasına səbəb olub

Naxçıvanda yeni istehsal sahələrinin yaradılması əcnəbi işçi miqrantlarının sayının artmasına səbəb olub

Muxtar respublika iqtisadiyyatının inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması daxili əmək bazarında əcnəbi işçi miqrantlarının sayının artmasına səbəb olub.AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.Muxtar respublikada fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov bildirib ki, böyüyən və şaxələnən iqtisadiyyatın əmək ehtiyatlarına artan tələbatı mövcuddur və bu prosesin tənzimlənməsi və ya idarə olunması mexanizmi aktual məsələdir.Elnur Məmmədov muxtar respublikada miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz əmək miqrasiyasının qarşısının alınması istiqamətində görülən işlərdən də danışıb, sahibkarların yerli mütəxəssislərə üstünlük verməsinin əhəmiyyətini vurğulayıb, yerli əmək ehtiyatları hesabına ödənilə bilməyən boş iş yerlərinin əcnəbi işçi qüvvəsi hesabına ödənilməsinin qaydaları barədə məlumat verib.Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Anar Əhmədov çıxışında qeyd edib ki, son illər muxtar respublikada əmək bazarının tənzimlənməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Daxili əmək bazarının tələbatına uyğun olaraq, ali və orta ixtisas məktəblərində yeni ixtisasların açılması diqqət mərkəzində saxlanılıb, peşə məktəbləri yaradılıb. Yeni müəssisələrin və iş yerlərinin açılması prosesinə xarici investisiyaların cəlb edilməsi diqqət mərkəzində olub. Yaradılmış münbit biznes mühiti nəticəsində 2016-cı il yanvarın 1-nə olan məlumata əsasən, muxtar respublikada xarici və birgə investisiyalı sahibkarlıq subyektlərinin sayı 77 hüquqi və 12 fiziki şəxs olmaqla, ümumilikdə, 89-a çatıb. Muxtar respublikada xarici və birgə investisiyalı müəssisələrin fəaliyyət istiqamətləri, əsasən, inşaat, pərakəndə və topdansatış ticarət, maliyyə-kredit, dağ-mədən və nəşriyyat fəaliyyəti, iaşə xidməti, istehsalat, sərnişin və yükdaşıma kimi sahələri əhatə edib.Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə "Sahibkarlıq subyektlərinin əcnəbi işçi qüvvəsinə olan tələbatı nəzərə alınaraq, bu sahələrin yerli işçi qüvvəsi hesabına təmin edilməsi", Dövlət Miqrasiya Xidmətinin inspektoru Samir Sadiqov "Yerli əmək ehtiyatları hesabına ödənilə bilməyən boş iş yerlərinin əcnəbi işçi qüvvəsi hesabına ödənilməsinin qaydaları və şərtləri", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Vüsal Süleymanlı "Muxtar respublikada məşğulluğun artırılması ilə bağlı dövlət proqramının icrası ilə əlaqədar yerli əmək ehtiyatlarından səmərəli istifadə" mövzularında çıxışlar ediblər.Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC

Digər xəbərlər