İlham Əliyev: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülüb"
Azərbaycanda həyata keçirilən düzgün, hərtərəfli iqtisadi strategiyanın uğurlarının ilbəil artması ölkəmizdə davamlı və tarazlı inkişafın təməli qoyulmuş, ölkəmizin beynəlxalq nüfuzunu xeyli yüksəltmişdir.
Hazırda keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin başlıca istiqamətini də, məhz ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə yeni iş yerlərinin yaradılması və bunun hesabına əhalinin rifah halının getdikcə yaxşılaşdırılması təşkil edir.
Məhz bu baxımdan da qəbul olunan dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində böyük rolu olub. Ölkənin tarazlı inkişafına nail olmaq məqsədilə qəbul olunmuş bu mühüm dövlət sənədlərinin icrasına başlanılması regionlara yeni nəfəs gətirmiş, yerlərdə iqtisadi fəallığı və təşəbbüskarlığı xeyli artırmışdır. Bütövlükdə isə, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də, ümumilikdə ölkənin inkişafında dönüş nöqtəsi olmuş, bütün regionlarda quruculuq işləri vüsət almış, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşlar bu strategiyanın nəticələrini öz gündəlik həyatlarında hiss etməyə başlamışlar.
Dövlət proqramları Azərbaycanın iqtisadi potensialının bazasını qurur
Ölkə Prezidenti regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində dövlət proqramlarının çox böyük rolunun olduğunu, bölgələrin tərəqqisini, sahibkarlığa verilən dəstəyi, qeyri-neft sektorunun inkişafını, eləcə də ölkəmizin ixrac potensialının yaradılmasını son illərin səciyyəvi əlaməti kimi dəyərləndirmiş və bu proqramların regionların inkişafında, ümumiyyətlə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində böyük rolu olduğunu dəfələrlə çıxışlarında vurğulamışdır.
Mübaliğəsiz demək olar ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi, nəinki bölgələrin, eləcə də, ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişdirərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir. Son on iki ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, regionun siyasi-iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Son on iki il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. Qazanılan nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, müasir müəssisələrin açılmasına səbəb olmuşdur.
Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir.
Güclü iqtisadiyyat, düşünülmüş siyasət
Əlbəttə ki, əldə olunan bu uğurlar güclü iqtisadiyyat və düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycanda yoxsulluq 5 faizdən aşağıdır. Ölkə Prezidenti çıxışlarında da dəfəlrəl vurğulayıb ki, əldə olunan uğurlar görülən işlərin nəticəsidir: "Bizim gördüyümüz işlərin nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir".
Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının da uğurla icra olunacağına əminliyini bildirərəkən, qeyd edib ki, ölkə üzrə bütün investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstək, quruculuq və abadlıq işləri və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq: "Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqları var. 2004-cü ildən ümumdaxili məhsulumuz 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artıb. 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Görün biz nə qədər ehtiyat yığmışıq! Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz ildən-ilə valyuta ehtiyatlarımızı artırmışıq. Bu, ilk növbədə, bizə böyük inam verir, eyni zamanda kredit reytinqlərimizi artırır. Bununla bərabər, bu, bir sığortadır. İstənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bunu hər bir insan gündəlik həyatında hiss edir, çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsin".
Göründüyü kimi, regionların inkişafına göstərilən qayğı və diqqət, bütövlükdə Azərbaycanın davamlı inkişafını təmin edir, ölkəmizi daha da gücləndirir, onun beynəlxalq nüfuzunu getdikcə artırır. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu barədə demişdir: "Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır".
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...