İlham Əliyev: "Sahibkarlığın inkişafına dövlət bundan sonra da dəstək verəcək"
Məlumdur ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və hər bir ölkənin iqtisadiyyatının inkişafında da onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev bütün çıxış və nitqlərində qeyd edir ki, ölkəmizin inkişafı sahibkarlığın inkişaf etdirilməsinə bağlıdır. Sahibkarlığın inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar, görülən tədbirlər, həyata keçirilən işlərin səmərəliliyi və intensivliyi bunun əyani sübutudur.
Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı sahibkarlığın inkişafına dövlətin daima dəstək verəcəyini bildirib: "Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir".
Dövlət başçısı bildirib ki, regional inkişaf proqramının icrası sürətlə davam etdirilir: Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar".
Kənd təsərrüfatında çox böyük inkişafın gözlənildiyini deyən ölkə Prezidenti bu sahədə mütəmadi olaraq, tədbirlərin görüldüyünü deyib: "Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir".
Dövlət başçısı onu da qeyd edib ki, pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb: "Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində, biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək".
Dövlət başçısı, həmçinin, Azərbaycanda aqroparkların yaradılması ilə də bağlı məlumat verib: "Bu, yaxşı haldır, amma bu, azdır. Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır. Bunun çox böyük mənası, faydası var. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi kreditlərin verilməsində bu məsələni diqqətdə saxlamalıdır və sahibkarlar da bu işlərə qoşulsunlar. Düzdür, aqroparkların yaradılması böyük vəsait tələb edir, ancaq burada sahibkarlar kooperasiya edə, konsorsium yarada bilərlər. Çünki bu, daha mütərəqqi yanaşmadır. Yalamada aqroparkın yaradılması artıq başa çatmaq üzrədir. Şəmkirdə də işlər qrafik üzrə gedir".
Sahibkarlara birbaşa dəstək
Bu faktı xüsusi olaraq, vurğulamaq lazımdır ki, ölkə Prezidentinin sahibkarlığın inkişafına maneə olan yersiz yoxlamalarla bağlı verdiyi sərəncamlar dövlətin sahibkarlara birbaşa dəstəyidir.
Lakin bunlarla yanaşı, sahibkarlığın inkişafı yolunda müəyyən maneələr müşahidə edilir. Xüsusilə də, ayrı-ayrı dövlət orqanlarının sahibkarlıq subyektlərinin fəaliyyətini əsassız yoxlamaları və bu prosesin aparıldığı zaman hüquqazidd hallara yol verilməsi də məlumdur. Dövlət başçısı çıxışlarında da belə yoxlamaların yolverilməz olduğunu bildirib: "Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır".
Sahibkarların qanunla nəzərdə tutulmuş dövlət ödəmələrindən başqa, heç kimə borclu olmadığını xatırladan Prezident İlham Əliyev belə əməlləri törədənlərin ciddi şəkildə cəzalandırılacağını bildiribdir. Qanunazidd hallara son qoyulmasını tələb edən ölkə başçısı, xüsusilə, vurğulamışdı ki, sahibkarların inkişafına maneçilik törədən addımların atılması, ilk növbədə, dövlət siyasətinə ziddir. Ölkə başçısının səsləndirdiyi fikirlər, belə deməyə əsas verir ki, bu gün məmur məsuliyyəti gücləndirilməlidir və dövlət aparatının fəaliyyətinin mərkəzində vətəndaş dayanmalıdır.
Göründüyü kimi, Prezident İlham Əliyevin dediyi kimi, sahibkarlığın inkişafı dövlət siyasətidir və bu siyasət hər keçən gün daha da güclənir və şaxələnir, iqtisadiyyatın inkişafına uğurlu nəticələr gətirir.
Bir sözlə, bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda, dövlət qurumları burada maneçilik törətməməlidirlər, əksinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.
Beləliklə, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır. Çünki sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması, iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...