PDF Oxu

İqtisadiyyat

  • 690

Uğurlu sosial-iqtisadi siyasət

Uğurlu sosial-iqtisadi siyasət

İlham Əliyev: "Yeni iş yerlərinin açılması daimi proses olmalıdır"

Son illər mühüm nailiyyətlər və tarixi uğurlarla ildən-ilə inkişaf edən Azərbaycan iqtisadiyyatı uzunmüddətli və dayanıqlı inkişafa hesablanıb. Xüsusilə, bu istiqamətdə ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı qarşıda duran və əsas prioritetlərdən olan sosialyönümlü prinsiplərin tam şəkildə icrası ilə xarakterizə olunur.

Dinamik iqtisadi tərəqqi-güclənən sosial siyasət

Prezident İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru iqtisadi dividendlərin, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Ölkə Prezdentinin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu ilin altı ayında respublikamızda yeni iş yerlərinin yaradılması ilə bağlı vəziyyətə toxunaraq deyib: "Cari ilin altı ayında 78 min daimi iş yeri açılıb. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır".

Dövlət başçısı görülən tədbirlər nəticəsində, o cümlədən, dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına burada da müsbət dinamikanın müşahidə edildiyini, özəl sektorda da bu işlərin getdiyini diqqətə çatdırıb: "Biz görülən tədbirlər nəticəsində, o cümlədən, dövlət şirkətlərinin xətti ilə açılan iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilib ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər...".

Göründüyü kimi, statistik faktlar da Azərbayca iqtisadiyyatının uğurlu inkişafını təsdiqləyir. Belə ki, Statistika Komitəsinin məlumatına görə, bu il avqustun 1-i vəziyyətinə görə, ölkədə iqtisadi fəal əhalinin sayı 4 milyon 962 min 300 nəfər olub. Onlardan 4 milyon 716 min 500 nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Cari il iyulun 1-də muzdla işləyənlərin sayı 1 milyon 521 min 100 nəfərə çatıb. 889 min 700 nəfər iqtisadiyyatın dövlət sektorunda, 631 min 400 nəfər qeyri-dövlət sektorunda çalışıb. Neft sektorunda işləyənlərin sayı 34 min 500 nəfər, qeyri-neft sektorunda çalışanların sayı isə 1 milyon 486 min 600 nəfər olub. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 iyul 2016-cı ilədək olan dövr ərzində ölkədə, ümumilikdə, 336 min 300, o cümlədən, 269 min 400 daimi iş yeri yaradılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorundadır.

Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb

"Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda, bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır". Bu sözləri "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev söyləyib.

Dövlət başçısı qeyd edib ki, kənd yerlərində əhalinin məşğulluğunun artırılması üçün aqrar sektorun inkişafına daim diqqət yetirilməlidir. Prezident bu istiqamətdə görülməli işlərə nümunə olaraq, bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi pambıqçılıqla daha geniş məşğul olmalıdır: "Pambıqçılıq həm çoxlu sayda iş yeri, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kiloqram pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq".

Prezident İlham Əliyev ölkənin hərtərəfli və dayanıqlı inkişafını təmin etmək üçün regionlarda infrastruktur layihələrinin həyata keçirilməsini önə çəkərək, vurğulayıb ki, sosial müəssisələrin yaradılması həm də yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident əminliklə vurğulayıb ki, 2016-cı ildə bu sahədə həyata keçiriləcək layihələrlə yeni iş yerlərinin yaradılması istiqamətində uğurlu addımlar atılacaq: "Baxmayaraq ki, son 12 il ərzində bir milyon 500 min yeni iş yeri açılıb, yenə də iş yerlərinin açılmasına ehtiyac var. Əminəm ki, 2016-cı ildə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla icra ediləcək. Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək".

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət əhalinin rifah halının yüksəldilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə, işsizliyin aradan qaldırılmasına növbəti töhfələrini verəcək.

ÜLVİ ƏSGƏROV

Digər xəbərlər