27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - "ADEX 2016" 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgi və konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə sərgi ilə bağlı keçirilən mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev məlumat verib.O bildirib ki, müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan "ADEX" sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq.Onun sözlərinə görə, yaxın və uzaq xarici ölkələrdən onlarla rəsmi nümayəndə heyətinin ziyarət etdiyi bu sərginin ən mühüm cəhəti ölkə rəhbərliyi tərəfindən göstərilən dövlət dəstəyidir: "ADEX 2016" sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib "Bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 2016 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. "ADEX 2016" sərgisinin qeydiyyat sponsoru qismində isə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin katibliyi çıxış edir. Bu il sərgidə müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb. Burada Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi fəal iştirak edir. Burada bir yeni məhsulların təqdimatı planlaşdırılır. Beləliklə, "ADEX 2016" sərgisi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək".Mətbuat konfransında bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers" "CEO" şirkəti "ADEX" sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir. Həmçinin qeyd olunub ki, beynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər tərəfindən "ADEX 2014" sərgisinə göstərilən böyük maraq Azərbaycanın regionda həm strateji tərəfdaş, həm də etibarlı münasibətlərin simvolu kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir. Tədbirə müşahidə olan böyük maraq nəzərə alınaraq 2016-cı ildə sərginin iş müddətini 4 günə qədər uzadılıb.Məlumat üçün bildirək ki, artıq 100-dən çox şirkət "ADEX 2016" sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya ediblər. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında "Aselsan", "CETC", "Damen", "MBDA", "Norinco", "IAI", "Roketsan", "Rosoboronexport", "Thales" və digər şirkətlər yer alır. Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı. Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...