"OPEC-in neft hasilatının dondurulması ilə bağlı qərarı çox mühümdür". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Verilən qərarı OPEC-ə daxil olan ölkələrin birmənalı şəkildə qarşılamadığını deyən V. Bayramov bildirib ki, hasilatın 32,5-33 mln. barel/günə qədər dondurulması artıq neftin dünya bazarındakı qiymətinə təsirini göstərir: "Belə ki, son ayda ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 50 dolları keçib. OPEC dünya neft hasilatının 40 faizini təmin edir. Digər 60 faizini isə OPEC-ə üzv olmayan ölkələr tərəfindən təmin edilir. Burada Rusiyanın, ABŞ-ın Kanadanın mövqeyi çox önəmlidir. Rusiya sentyabr ayında neft hasilatını 12 milyon barel /günə qədər artırıb ki, bu da kifayət qədər böyük rəqəmdir".İqtisadçı–ekspert qeyd edib ki, İranın Səudiyyə Ərəbistanı ilə dini zəmində olan ziddiyətləri neft strategiyasına təsirsiz ötüşmür: "Bu baxımdan OPEC-in qeyri rəsmi anlaşması İran tərəfindən qəbul edilməyə bilər. Bu gün ABŞ ən çox neft hasil edən ölkə olduğunu nəzərə alsaq, onun neft ehtiyatları və hasilatı da dünya bazarı üçün çox önəmlidir. Ona görə də OPEC-in qərarını ən azı Rusiya və İran dəstəkləyərsə, bu ən azı neftin dünya bazarında qiymətinin stabilləşməsinə gətirib çıxara bilər. Əks halda, qiymətlər indiki intervalda dəyişərək davam edəcək".V. Bayramov əlavə edib ki, hazırda neftin dünya bazarında qiymətində kəskin artım gözlənilmir: "Çünki, heç bir beynəlxalq təşkilatın, o cümlədən də OPEC-in öz proqnozlarında belə neftin kəskin bahalaşacağı göstərilmir. Amma dünya bazarında neftin qiymətinin stabilləşməsi neft ölkələri üçün vacibdir. Bu baxımdan çox təəssüf ki, siyasi ziddiyyətlər hələlik OPEC-in qərarı ilə bağlı ortaq mövqeyin nümayiş etdirilməsinə imkan vermir. Hazırda bazara təsir edən əsas amil ABŞ-ın neft ehtiyatlarının həcmi və hasilatı ilə bağlı göstəricilərdir. Son günlərdəki qiymət artımı da, məhz ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlıdır. Bu, müvəqqətidir. Çünki, rəqəmlər tez-tez dəyişir. Qiymətlərin tam stabilləşməsi üçün OPEC dövlətləri razılığa gəlməlidir". Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə keçirilən OPEC-in qeyri-formal sammitində neft hasilatının 32,5-33 mln. barel/günə qədər azaldılması məsələsi razılaşdırılıb. Son qərarın isə noyabrın 30-da Vyanada veriləcəyi bildirilir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...