PDF Oxu

İqtisadiyyat

  • 490

Aqrar islahatlar siyasətində uğurlu perspektivlər

Aqrar islahatlar siyasətində uğurlu perspektivlər

İlham Əliyev: "Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda görülən işlər, aparılan islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq"

Son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi, bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə 2015-ci ili Azərbaycanda "Kənd təsərrüfatı ili" elan etmişdir.

Bununla belə, ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır, bu sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq uzun illərdir ki, Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Eyni zamanda, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Uzun illərdir ki, fermerlər, torpaq vergisi istisna olmaqla, bütün digər vergilərdən azaddırlar. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlıq hissinin gücləndirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır.

Kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, çayçılığın, taxılçılığın, baramaçılığın, xam şəkərin, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində müvafiq qurumlara bir sıra tapşırıqlar verilməsi də, məhz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsini təsdiqləyən amildir. Onu da verğulamaq lazımdır ki, ənənəvi sahələrin inkişafının həm iqtisadi, həm də sosial əhəmiyyəti çox böyükdür. Yeni iş yerləri açılacaq, kənddən şəhərə axının da qarşısı alınacaq və s.

Prezident İlham Əliyev iclasda ölkəmizdə aqrar sektorun ən mühüm və ənənəvi sahələrinə toxunaraq, bu sahələrin inkişafı üçün bir çox perespektivləri həyata keçirmək olduğunu vurğulayıb. Ölkə Prezidenti Nazirlər Kabinetinin iclasında, eyni zamanda, vətəndaşların bu işə daha diqqətlə yanaşmasını bildirib: "Mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir".

Dövlət başçısı sözügedən müşavirədə kənd təsərrüfatında strateji sahələrdən olan pambıqçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirlərinin həyata keçirilməsi ilə də bağlı tapşırıqlarını verib. Bu gün dövlət başçısının kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Cari ilin birinci yarısında kənd təsərrüfatında 3,1 faiz artım qeydə alınıb. Dünya Bankının 2016-2018-ci illər üçün proqnozlaşdırılan məlumatında da respublikamızda kənd təsərrüfatının inkişaf tempi qeyd olunub. Bildirilib ki, sözügedən sahə üzrə 2016-cı ildə 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Görülən işlərin, həyata keçirilən layihələrin uğurla icrası nəticəsində isə ilin sonuna aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağı proqnozlaşdırılır.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə, onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər