PDF Oxu

İqtisadiyyat

  • 95

Azərbaycan bütün sınaqlardan qürurla çıxıb

Azərbaycan bütün sınaqlardan qürurla çıxıb

İlham Əliyev: "2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir"

Azərbaycan son 13 il ərzində iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Ötən illərdə olduğu kimi 2016-cü ildə ölkəmiz üçün bir çox mühüm hadisələrə yadda qaldı. Belə ki, Prezident İlham Əliyevin yürütdüyü müstəqil praqmatik siyasət nəticəsində, Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi daha da möhkəmlənmişdir. Ölkədə əldə olunan bu uğurların təməlində düşünülmüş siyasət, mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır. Dövlət başçısı bütün çüxışlarında görülən işlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığının dönə-dönə vurğulayır. Yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı, bir daha vurğulayıb ki, atılan addımların, görülən işlərin mərkəzində hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan ailəsinin rifahı və firavan həyatının dayandığını bildirib. Eyni zamanda, əvvəlki illərdə olduğu kimi, bütün çətinliklərə baxmayaraq, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirib: "Bir sözlə, 2016-cı ildə ümumi iqtisadi inkişaf, hesab edirəm ki, müsbət qiymətləndirilməlidir, xüsusilə, bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamış və keçən il bölgələrdə çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib".

Dövlət başçısı bildirib ki, ötən il qeyri-neft sərmayəsi 5 faiz artıb: "Apardığımız dərin islahatlar nəticəsində, bu inkişafı təmin edə bilmişik. Bu gün də dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə təsir göstərdi. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycan minimum itkilərlə bu prosesdən çıxıb".

Regionların inkişafına dair uğurla icra edilən dövlət proqramları - reallıqlar, nəticələr

Regionların inkişafına dair uğurla icra edilən dövlət proqramları Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Dövlət başçısı konfransda çıxışı zamanı Dövlət Proqramının 2014-cü ildə qəbulunu tarixi hadisə kimi qiymətləndirib: "Əslində, biz regional inkişaf proqramlarını tərtib edərkən, bölgələrdən rəylər almışıq və üçüncü Dövlət Proqramı - hansı ki, bu gün müzakirə edirik, yerlərdən gələn təkliflər əsasında və ölkəmizin strateji istiqaməti nəzərə alınaraq, 2014-cü ildə qəbul edilib və tərtib edilib. Proqramların məqsədi, məhz ondan ibarətdir ki, bütün mövcud olan problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir, konkret hədəflər qoyulur, həm 1-ci, həm 2-ci Proqram artıqlaması ilə və uğurla icra edilib. Əminəm ki, 3-cü Proqramın taleyi də eyni olacaq".

Dövlət başçısı qeyd edib ki, Dövlət Proqramının 2014-cü ildə qəbulu tarixi hadisədir, çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, atılan bu addımlar, infrastrukturla bağlı layihələr bugünkü reallığı yaradıb: "Əgər o vaxt Proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bütün bölgələrimiz və şəhərlərimiz abadlaşıb və gözəlləşib. Əsas şəhərlərimiz - Bakı, Gəncə və Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılıb, böyük infrastruktur layihələri icra edilib və bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Həmçinin, biznes strukturları bu imkanlardan səmərəli şəkildə istifadə etsin. Bizim Proqramımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi. Bu da təbii idi. Çünki 2004-cü ildə biz enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi, həmin dövrdə biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə ki, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni bizim inkişafımızı saxlayan xarici faktorlar idi. Biz xaricdən istədiyimiz qədər enerji, qaz ala biləcəyik, yoxsa yox və hansısa qiymətə alacağıq? Ona görə birinci hədəf enerji müstəqilliyimizi təmin etmək idi. Qısa bir müddət ərzində, biz buna nail olduq və 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrostansiya tikilib. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edin, əgər bunu etməsəydik, bu gün biz necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik? Onu da deməliyəm ki, son 13-14 il ərzində yaradılmış elektrik gücü bütün əvvəlki illərdə yaradılmış gücə təxminən bərabərdir. Bu gün bizim 35 elektrostansiyamız varsa, onlardan 16-sı Proqram icra edilərkən tikilib. O vaxt Azərbaycanda qazlaşmanın səviyyəsi aşağı idi - 51 faiz. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşmanın səviyyəsi 92 faizə qalxıb. 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilib. Bu, həm magistral yollara, həm də şəhərlərarası, kənd yollarına aiddir. Yol infrastrukturu insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilib. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edib. Beləliklə, məşğulluğu təmin edə bilmişik və müasir yol infrastrukturu yaradılıb. Bu proses davam etdirilir. Bu il görülən işlər haqqında danışacağıq və məqsəd qoyulub ki, bütün yollarımız - magistral, şəhərlərarası, kənd yolları yüksək səviyyədə olsun".

Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 3 pillə qabağa gedərək 37-ci yerdə qərarlaşıb

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanda görülən işlərə beynəlxalq təşkilatların da yüksək qiymət verdiyini deyib: "Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanla bağlı hesabatında yenə yüksək rəy bildirib. Ölkələrin rəqabət qabiliyyətliliyinə görə, Azərbaycan 3 pillə qabağa gedərək, 37-ci yerdə qərarlaşıb. İnkişaf reytinqinə görə isə, Azərbaycan 80-ə yaxın ölkə arasında 1-ci - 2-ci yerdə qərarlaşıb. Bütün bunlar bizi də sevindirir. Bu, həm də dünyanın maliyyə qurumlarına bir siqnaldır".

Dövlət başçısı, həmçinin, bildirib ki, bir çox ölkələrin Azərbaycanın təcrübəsindən istifadə etdiyini bildirib: "Bizim təcrübəmizdən indi bir çox ölkələr istifadə edir, bizi nümunə kimi göstərirlər".

Prezident onu da bildiridi ki, biz bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq etməliyik: "Əminəm ki, bu çıxışlarda səslənən təkliflər dövlət orqanları tərəfindən təhlil ediləcək. Bu gün və bundan sonrakı görüşlər əsnasında bütün bu məsələlər öz həllini tapacaq və beləliklə, ixracımız və yerli istehsalımız üçün yeni imkanlar yaranacaq".

İqtisadi yüksəliş böyük siyasi qələbələrin təməlidir

Müasir müstəqil Azərbaycan dövləti artıq 13 ildir ki, Ulu Öndərimizin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tariximizin yeni parlaq səhifələrini yazır.

Bu illər ərzində, yeni iş yerlərinin açılması iqtisadi inkişafın bariz nümunəsidir. Rəqəmlərə müraciət etmək kifayətdir ki, deyilənlərin nə qədər real olduğu bir daha görünsün. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2003-2016-cı illər ərzində 1,6 milyon iş yeri açılıb ki, onların 1 milyonu daimi olub. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 76 faizi regionların, 88%-i iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür. Yeni iş yerlərinin yaradılması əhalinin məşğulluğunun artmasına təsir göstərib və 2015-ci ildə məşğulluq səviyyəsi 62,1 % təşkil edib. 2015-ci ildə yeni iş yerlərinin 76%-i fərdi sahibkarlar və ünümməşğul şəxslər tərəfindən yaradılıb.

Dövlət başçısı konfransda yekun nitqi zamanı bu il yalnız ictimai xidmətlər istiqamətində 42 min iş yerinin açılacağını deyib: "Biz keçən il də ictimai iş yerlərinin açılması ilə bağlı tədbirlər gördük, bu il də görüləcək. Bu iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçün açılır. Bu işlər ictimai işlərdir. Bölgələrdə təmir-tikinti ilə, yaşıllıq zonalarına xidmətlə bağlı iş yerləri açılacaq. Dövlət şirkətlərinin xətti ilə də bu cür iş yerləri açılacaq. Görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri açılacaq və beləliklə, işsizlik Azərbaycanda, həmişə olduğu kimi, aşağı səviyyədə qalacaq".

Göründüyü kimi, sözsüz ki, bu inkişafın əsasında dövlət başçısı İlham Əliyevin apardığı titanik və son dərəcə məhsuldar fəaliyyət durur. Bu siyasətin nəticəsində, Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir.

Beləliklə, bütün bunlar, bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər