Məlum olduğu kimi, fevralın 23-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.
Toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini qeyd edərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirib: "Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik. "Cənub Qaz Dəhlizi" layihəsinin icrası Avropa ilə gələcək əlaqələr üçün də çox vacib amildir".
Azərbaycanın enerji siyasətinin tarixindən danışan prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi"nin icrasında "Şahdəniz" qaz yatağının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu yatağın verdiyi imkanlar Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynayır.
Sözügedən məsələ ilə bağlı YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov "Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyətindən danışaraq bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icrası Azərbaycanın Avropa ölkələrində nüfuzunu, imicini daha da yüksəldəcək: "Ən başlıcası isə bu layihə Azərbaycanı çox ciddi enerji mənbəyi və dəhlizinə çevirəcək".
Millət vəkili onu da vurğulayıb ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsinin olması "Cənub Qaz Dəhlizi"nin uğurla həyata keçirilməsində böyük əhəmiyyət daşıyır: "Azərbaycan 2020-ci ilə qədər Avropa bazarına 30-32 milyard kubmetr həcmində mavi qaz nəql edəcək. Əldə olunan dövlət vəsaiti neftdə itirilən gəlirləri artıqlaması ilə ödəyəcək. Yəni bütün bunlar imkan verəcək ki, Azərbaycanın iqtisadi inkişafı daha da sürətlənsin, ölkədə quruculuq işləri ardıcıl olaraq davam etdirilsin".
R.HÜSEYNOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...