Yanvar ayının ortalarında hətta universitet müəllimlərindən biri mənə müraciət etdi ki, bankda işləyən qohumu bildirib ki, yanvarın sonunadək 1 dollar 3 manat olacaq. İzah etməyə çalışdım ki, hətta manatın bazar dəyəri 1 dollar 3 manat olsa da, bu məzənnənin sosial tərəfləri olduğundan 2017-ci ilin ilk ayında buna imkan verilə bilməz. Neqativ informasiyaya inanan həmin şəxs indi hər hərracın nəticələrini səbirsizliklə gözləyir ki, dolların məzənnəsi yenidən nə zaman yüksələcək.Aydındır ki, manatın indiki məzənnəsi bazar kursu deyil. Bazar məzənnəsi alınanadək kurs fərqli istiqamətlərdə dəyişəcək. Manat bazasının məhdudlaşması, əhalinin bir qisminin dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq öz valyutasını satması və eləcə də Beynəlxalq Bankın sağlamlaşdırılmasına və dollara olan tələbinin ödənilməsinə ayrıca baxıldığı üçün manat möhkəmlənir. Təbii ki, bu faktorlar olmasaydı, o zaman milli valyuta son ay yarımda möhkəmlənə bilməzdi. Bu kontekstdə əhalinin dollara tələbi də azalıb. Təbii ki, əgər Mərkəzi Bank manat bazasını yenidən genişləndirməyə, dövriyyəyə yenidən manatın daxil olmasına başlasa, o zaman dolların kursu yenidən yüksələcək. Hələlik bu edilmir. Amma aydındır ki, orta və uzun müddətli dövrdə manatın bazasının genişlənməsi qaçılmaz olacaq. Yəni, güman olunur ki, Mərkəzi Bankın manat bazasının məhdudlaşdırılması siyasəti qısa müddətli dövrə hesablanıb.Yenə də əvvəllər qeyd etdiyim kimi, martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir. Çünki infrastruktur xərcləmələri artacaq. Kursun necə olmasında isə yenə də manat bazası və eləcə də bazar təklifi həlledici olacaq. Bütövlükdə isə, iyun, avqust və dekabr aylarında dollara tələb yenidən artacaq. Xüsusən də, dekabr ayında tələbin daha çox artacağı gözlənilir. Neftin qiyməti, idxal, Dövlət Neft Fondundan transferlərin növbəti dövrdə manatın məzənnəsinə birbaşa təsir göstərəcək. Neftin qiyməti azalarsa bu fondun potensial transferlərinin həcmini azaldacaq və nəticədə manatın məzənnəsini qorumaq xeyili çətinləşə bilər. Neftin qiyməti hətta orta müddətli dövr üçün manatın məzənnəsi üçün çox vacibdir. Bu faktora daimi diqqət ayırmaq lazımdır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...