PDF Oxu

İqtisadiyyat

  • 3 010

Turizmin inkişafına böyük təkan olan məkanlarımız erməni işğalı altındadır

Turizmin inkişafına böyük təkan olan məkanlarımız erməni işğalı altındadır

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, yeni otellərin inşası, müxtəlif rayonlarda təşkil edilmiş istirahət zonaları ölkəmizdə turizmin inkişafına təsir edən amillərdəndir. Statistik rəqəmlərin ilbəil dəyişməsi, bizə deməyə əsas verir ki, Azərbaycanda turizm sektorunun inkişafında zəruri hesab olunan imkan və şərait mövcuddur. Təbii ki, Azərbaycanın təbiəti - flora və faunanın rəngarəngliyi, iqlim, istirahər üçün zəruri hesab olunan amillər ölkəmizi daha zəngin və cəlbedici edir. Bu gün turizmin inkişafından danışarkən, Azərbaycanın ayrılmaz ərazisi olan Dağlıq Qarabağdan söz açmaya bilmərik. Əminliklə deyə bilərik ki, zəngin Qarabağ torpağı istənilən əcnəbi turistin marağından kənar qala bilməz. Bəs bu gün işğal altında olan ərazimizdə hansı proseslər baş verir? Məlumdur ki, tarixi kökü olmayan və bu ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər qəddarcasına Dağlıq Qarabağın və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsini dağıdıb, bir sözlə, regionun turizm infrastrukturunu tamamilə məhv ediblər. Dünya ölkələri tərəfindən qəbul olunmuş konvesiya, qərar, bəyanat və qətnamələrə əməl etməyərək, işğal olunmuş ərazilərdə böyük əhəmiyyətə malik olan abidələrin əksəriyyətini məhv etmişlər. İşğalda olan Azərbaycan torpaqlarında ağır hərbi-texnikanın yerləşdirilməsinin nəticəsi olaraq, torpağa çökən kimyəvi maddələr bu ərazilərdə ekoloji mühitin və tarazlığın pozulmasına gətirib çıxarıb. Mürahibə dövründə bu ərazilərə çoxlu miqdarda atılan mərmilər, basdırılmış minalar ekolji mühitin zəhərlənməsinə və çirklənməsinə birbaşa səbəb olan amillərdir. Müharibənin törətdiyi əngəlliklər azmış kimi, dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır, nadir bitki və heyvanların kökü kəsilir.

Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilmir və ona görə də, böyük ekoloji fəlakət yaşanılır. Təbiətə qarşı olan ermənilərin amansızsızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını, iddialı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etməsi ilə yanaşı, bir məntiqin də gerçəkliyini təsdiqləyir. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduqlarını təsdiqləyən faktordur. Mənbələrdə göstərilir ki, ermənilər təbii ehtiyatlardan və faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edirlər. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar və ehtiyatlar daha çox mənimsənilir. Qeyri-qanuni bir şəkildə Dağlıq Qarabağı işğalda saxlayan, ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımayan ermənilər ekoloji mühitin daha da kəskiləşməsinə gətirib çıxarıblar. İşğal olunmuş rayonlarda 152 ədəd ağac növü, 13197,5 ha qiymətli meşə sahələri və 5 ədəd geoloji obyekt qalmışdır. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə kütləvi surətdə qırılaraq, mebel istehsalı üçün Ermənistana göndərilir. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bunun arxasında ermənilərin utopiyaları, eləcə də, xalqın tarixinə qarşı təcavüz planı dayanır.
İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətməsi də hər kəsə bəllidir. "Leşkar" meşə sahəsində isə yararlı ağacları tam qırıb-aparıblar. Tikinti materialı kimi Ermənistan Yunanıstana və İrana ixrac etdiyi ağac materialını istehsal etmək imkanında deyil. Erməni işğalında olan ərazilərdə erməni ekolji genosidi davam etdirilir. Azərbaycanın işğal altında olan ərazilərinin simasını dəyişib xarabalığa çevirən ermənlər öz milli xüsusiyyət və tələbatları çərçivəsində bu məkanlarda ab-hava yaratmaqla, vəhşilik missiyalarını həyata keçirirlər. Dünya şöhrətli qırmızı palıd erməni işğalındadır. Laçın dövlət yasaqlığı da erməni işğalçılarının əlindədir. Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır.
Dağlıq Qarabağ ərazisində yerləşən alban-xristian abidələri ermənilər tərəfindən mənimsənilir və erməni mədəniyyət abidələri elan edilir. Dağlıq Qarabağ ərazisində, həm də ona sərhəd olan və ermənilər tərəfindən hazırda işğal olunmuş zonada külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental tikintilər, orta əsr qəbiristanlıqları, məscidlər və s. müsəlman abidələri yaxın zamanlara qədər mövcud idi. Hazırda bu ərazilər Azərbaycanın nəzarəti altında olmadığından, bu abidələrin indiki vəziyyətindən dəqiq məlumat yoxdur. "Bu gün işğal olunmuş ərazilərimizdə bütün tarixi abidələr və tikililərimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz yerlə yeksan edilib", - deyən Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, şəhərin mərkəzində erməni kilsəsinin yerləşdiyini və bizim onu təmir etdiyimizi vurğulayıb. Amma Ermənistan isə işğal olunmuş ərazilərdə bizim tarixi və dini irsimizi məhv edib: "Bu fotoşəkilləri internetdə tapmaq mümkündür. Bununla yanaşı, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və onların hesabatlarında da ərazilərin viran olunması öz əksini tapıb".
Ermənistanın hərbi təcavüzü nəticəsində, işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər kimi istifadə edilərək, qəsdən dağıdılır.
İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır və qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş Qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri qalmışdır. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar vardı.
Qeyd olunanlardan Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Qarabağın işğal altına düşməsi Azərbaycanın torpaq və ərazi itkisi ilə yanaşı, bir sıra iqtisadi-sosial və mədəni problemlərlə üzləşməsinə də gətirib çıxarıb. Qarabağ torpağının işğalda qalması nəticəsində, böyük bir turizm potensialı, əvəzsiz flora və fauna məhv edilir. Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Qarabağ ərazisi xarabalığa çevrilir, ermənilərin iyrənc, məkrli siyasəti nəticəsində ekoloji mühiti yararsız hala salınır ki, bunun da bərpasına və yenidən yaşayış və həyat səviyyəsinin normal vəziyyətə salınmasına neçə-neçə onilliklə tələb olunur.
Belə bir səfalı yerlərə malik, turizmin inkişafına böyük təkan olacaq yerlərimizin ermənilərin əlində qalması Azərbaycanın iqtisadi inkişafına və onun turizm imkanlarının genişlənməsinə zərbə vurur.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər