PDF Oxu

İqtisadiyyat

  • 6 526

Göyçayda XII Nar festivalı başlayıb

Göyçayda XII Nar festivalı başlayıb

Göyçayda Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı XII Nar festivalı başlayıb. SİA-nın məlumatına görə, tədbirdə dövlət, hökumət nümayəndələri, Milli Məclis deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor, beynəlxalq təşkilat təmsilçiləri iştirak edib.Qonaqlar və ictimaiyyət nümayəndələri öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər.Tədbirdə milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayon sakinləri tərəfindən nardan əl əməyi ilə hazırlanan məhsullardan ibarət sərgi ilə tanış olublar.İki gün davam edəcək festivalın açılış mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edib. Qeyd edilib ki, artıq 12-ci dəfədir ki, təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu bayram həm də Azərbaycanın dünyada təbliği işində böyük önəm daşıyır. Nar festivalı Göyçayda turizmin inkişafına da çox böyük təkan verən amillərdən biridir.Məlumat verilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq və havaların əlverişli keçməsi bol məhsul yetişdirilməsinə zəmin yaradıb. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 50 min tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 48 min tondan artıq nar tədarük ediblər. Məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstanın bazarlarına çıxarılıb. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür. Son 4 ildə rayonda 250 hektar sahədə yeni nar bağı salınıb.Daha sonra “Nar” abidəsinin açılış mərasimi olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib. Müsabiqədə birinci yeri Şövkət Əsədullayevaya Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov tərəfindən ayrılan 5 min manat pul mükafatı verilib. Müsabiqədə 2-ci yerin sahibinə 3 min, 3-cü yeri tutan iştirakçıya 1000 manat pul mükafatı verilib.Festivalda “Ən böyük nar” müsabiqəsinin qalibi də məlum olub. Rayonun Dövranlı kənd sakini Allahverdi Xəlilovun yetişdirdiyi bir ədəd narın çəkisi 1 kq 30 qram olub və müsabiqədə birinci yeri tutub.Daha sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.

sia.az

Digər xəbərlər