“Azərbaycan sabitlik və inkişaf dövrü kimi tarixə keçən 2017-ci ili bir sıra uğurlarla yekunlaşdırır. Başa vurmaqda olduğumuz ildə ölkəmiz “Yeni əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının olması, 2 milyardıncı ton neftin çıxarılması kimi tarixi əhəmiyyətli hadisələrin fonunda həm xarici, həm də daxili siyasətində uğurlu nailiyyətlər əldə edib. Bütövlükdə, 2017-ci il ölkəmiz üçün beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak və milli maraqlarımızı təmin etmək, mənafelərimizi qorumaq baxımından da əhəmiyyətli olub”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, 2015-2016-cı illərdə başlanmış və dünya miqyasında cərəyan edən böhran proseslərinin təsirlərinə baxmayaraq, 2017-ci il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə “dönüş ili” kimi yaddaşlarda qalacaq: “Həm qanunvericilik sahəsində əhəmiyyətli addımların atılması, həm idarəetmə strukturunda təkmilləşmələrin aparılması, həm də qeyri-neft sektorunun inkişafı ilə bağlı kompleks tədbirlərin görülməsi nəticəsində Azərbaycan iqtisadiyyatında artım müşahidə edildi. Halbuki dünyanın bir çox ölkələrində hələ də böhranlı vəziyyət davam etməkdədir. Amma cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Strateji Yol Xəritələrinin, həmçinin, kənd təsərrüfatı üzrə proqramların qəbul edilməsi, aqrar fəaliyyətin sürətlənməsi, sənaye məhəllələrinin salınması, istehsal müəssisələrinin və iş yerlərinin yaradılması ümumilikdə makroiqtisadi vəziyyətin, əhalinin yaşayış səviyyəsinin və gəlirlərinin yüksəlməsinə səbəb oldu”.“2017-ci ildə təməli qoyulan müəssisələrin 2018 və 2019-cu illərdə fəaliyyətə başlayacağını nəzərə alsaq deyə bilərik ki, yola saldığımız il qarşıdakı illərimizin inkişaf təməli olacaq” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ölkəmizin inkişafı ilə bağlı beynəlxalq təşkilatların da proqnozları real görünür: “Çünki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun sürətli inkişafı hesabına “ikinci nəfəs” açılacaq. Məhz, növbəti illərdə fəaliyyətə başlayacaq yeni müəssisələrin hesabına daha çox iş yerləri yaradılacaq, əhalinin və dövlətimizin gəlirləri daha da artacaq, Azərbaycan daha da qüdrətlənəcək”.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...