PDF Oxu

İqtisadiyyat

  • 12 666

Qeyri-neft sektorunda artım gözlənilir

Qeyri-neft sektorunda artım gözlənilir

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində işlər 2018-ci ildə də davam etdiriləcək. Bunu maliyyə naziri Samir Şərifov deyib.Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi bunun üçün münbit şərait yaradır: "İqtisadiyyat Nazirliyinin hazırladığı proqnoza əsasən, gələn il Azərbaycanda 1,5% iqtisadi artım gözlənilir. Bu artımın əsas hissəsi qeyri-neft sektorunun hesabına təmin olunacaq. Bildiyiniz kimi, artıq bu il neftdənkənar sahə 2,4% böyüyüb. Hazırda ölkə üzrə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70%-ə yaxındır".Nazir əlavə edib ki, əvəzində neft sektoru geriləməkdədir: "Bu da qaçılmazdır. Çünki, əsasən Dövlət Neft Şirkətinin (SOCAR) istismar etdiyi neft yataqlarının fəaliyyət dövrü başa çatmaq üzrədir. Onların ehtiyatları tükənib. Digər tərəfdən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) dünya bazarında neftin ədalətli qiymətə satılmasına nail olmaq istəyir, bir sıra tədbirlər görür. Artıq söhbət OPEC+dan gedir. Təşkilata üzv olmayan ölkələr - Rusiya, Norveç və s. də həmin prosesə qoşulub. Azərbaycan da bu məsələrə iştirak edir və hasilatını azaltmağa qərar verib. Nəticə etibarı ilə ölkədə neft sektorunun azalması, qeyri-neft sektorunn artması əslində gələcək üçün seçilmiş yoldur. Dövlət başçısı da hökumətə buna yönəldir. Çünki neft asılı qalmaq olmaz. Çünki, müəyyən qiymət şokları yaşamışıq. Qiymətin həm kəskin artması, həm də kəskin azalmasına şahid olmuşuq. Bu, iqtisadiyyat üçün böyük problemlər yaradır. Söhbət təkcə Azərbaycandan getmir. Bütün ölkələr bundan əziyyət çəkir. Buna görə də, əsas strateji yol odur ki, mümkün olduğu qədər qısa müddətdə neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçilsin".Bununla belə, S.Şərifovun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda neft sektorundan gəlirlər qeyri-neft sektorundan gəlirləri bir qədər üstələyəcək: "Bunun da sadə izahı var. SOCAR-ın yataqlarının ehtiyatları tükənsə də, onların hasilat səviyyəsi bəlli bir səviyyədə saxlanılmalıdır. Çünki, ölkənin ehtiyatları olmasa bunu xarici valyuta ilə idxal etmək lazım gələcək. Odur ki, mövcud ehtiyatlardan səmərəli istifadə olunmalıdır. Bunun üçün dövlət büdcəsindən SOCAR-ın nizamnamə kapitalının artırılması üçün müəyyən vəsaitlərin ayrılması nəzərdə tutulub. Həmin vəsait 2 istiqamətdə xərclənəcək. Bunlardan biri neft-qaz yataqlarının istismarının genişləndirilməsi, hasilat səviyyəsinin sabitləşdirilməsidir. Digər istiqamət isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulmasıdır. Çünki zavodun texnoloji səviyyəsi müasir deyil, neftin emalı səviyyəsi aşağıdır. Üstəlik Avropada müəyyən ekoloji standartlar var ki, Azərbaycan da onların tətbiqini öz üzərinə götürüb. Odur ki, zavodun emal dərinliyi və emalın keyfiyyəti artırılmalı, ekolojoi standartlara uyğun məhsul buraxılmalı, ilk növbədə daxili tələbat yüksək səviyyədə ödənilməlidir. Buna da Azərbaycan üçün həyati əhəmiyyəti olan infrastruktur layihəsi kimi baxmaq lazımdır. Əgər bu 2 istiqamət, nəzərə alınmazsa, büdcə gəlirlərində neft və qeyri-neft sektorunun payı tarazlaşmış olur".

sia.az

Digər xəbərlər